Jülyen Stefan “Renn”dən qovuldu

Fransalı futbol mütəxəssisi Jülyen Stefan Liqa 1 təmsilçisi “Renn”in baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən məlumat verir.

İstefaya komandanın cari mövsümdəki uğursuz nəticələri səbəb olub. Belə ki, “Renn” Liqa 1-in 2024/2025-ci illər mövsümündə keçirdiyi 10 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. Komanda 11 xalla 13-cü pillədə qərarlaşıb.

Jülyen Stefanla yanaşı, onun köməkçiləri də vəzifələrindən kənarlaşdırılıblar. Komandaya müvəqqəti olaraq Sebastyen Tamburun rəhbərlik edəcəyi diqqətə çatdırılıb.

Jülyen Stefan 2023-cü ilin noyabr ayından “Renn”ə rəhbərlik edirdi. 44 yaşlı mütəxəssis bu müddətdə komandanı 41 oyuna çıxarıb. Liqa 1 təmsilçisi bu görüşlərdə 19 qələbə qazanıb, 6 heç-heçə edib, 16 məğlubiyyətə üzülüb.

Fransalı məşqçi daha öncə də “Renn”də çalışıb. O, 2012-ci ilin iyulundan 2015-ci ilin iyun ayına kimi bu klubun U-19 komandasına rəhbərlik edib. 2015-ci ildə əvəzedici komandaya baş məşqçi təyin edilmiş mütəxəssis 2018-ci lin dekabrında da “Renn”in əsas komandasına rəhbərlik etməyə başlayıb. 2021-ci ilin martına kimi bu komandanı çalışdırmış Stefan, 110 oyunda 49 qələbə, 24 heç-heçə, 37 məğlubiyyət görüb.

Jülyen Stefan “Strasburq”, “Loryan” və “Şatoru” kimi klublarda da baş məşqçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: