Fərid Qayıbov Fatih Terimi qəbul etdi

Noyabrın 16-da gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan tanınmış türkiyəli futbol mütəxəssisi Fatih Terimi qəbul edib.

Arena.az xəbər verir ki, qonağı salamlayan nazir ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Qonaq səmimi qəbula görə təşəkkür edib. Fatih Terim ilk dəfə ölkəmizə 1996-cı ildə gəldiyini və Azərbaycan futbolu ilə bağlı maraqlı xatirələrinin olduğunu bildirib.

Görüş zamanı iki qardaş ölkədə futbolun hazırkı vəziyyəti və uşaq futbolunun inkişafı yolları müzakirə edilib. COP29 çərçivəsində “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansın yaradılması ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə “Qalatasaray”ın 2-ci prezidenti İbrahim Hatipoğlu, Türkiyə klubunun İdarə Heyətinin üzvü Emin İmanov, Fatih Terimin köməkçisi Eray Sözən, “Qarabağ”ın baş direktoru Əmrah Çelikəl və İdarə Heyətinin üzvü Asif Əsgərov da iştirak ediblər.

Fərid Qayıbov bu gün həm də COP29-da iştirak etmək üçün Azərbaycana gəlmiş futbol klublarının nümayəndə heyətini qəbul edib.

Görüşdə Avropa Klublar Assosiasiyasının baş icraçı direktoru Çarli Marşall, dayanıqlılıq üzrə rəhbəri Qaya Pretner, “Udineze”nin sahibi Maqda Pozzo, “Liverpul”un təsir üzrə direktoru Rişi Jain, “Fənərbaxça”nın dayanıqlılıq üzrə direktoru Gülcə Şənərən, “Atletiko”nun dayanıqlılıq və məsuliyyətli biznes üzrə rəhbəri Rosiya Torres, “Porti”nun dayanıqlılıq üzrə meneceri Teresa Santos, “Tottenhem”in dayanıqlılıq üzrə meneceri Markus Perri, “Betis” fondunun baş meneceri Rafel Muela Pastor, “Flamenqo”nun direktoru Katya Alencar və “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov da iştirak ediblər.

Qonaqları salamlayan nazir “Qarabağ”ın təklifini və dəvətini qəbul edib ölkəmizə gəldikləri üçün onlara təşəkkür edib. Qayıbov COP29 çərçivəsində artıq bir çox futbol ulduzlarının və mütəxəssislərin ölkəmizə gəldiyini bildirib. 700-dən çox futbol klubunun birləşdiyi Avropa Klublar Assosiasiyasının baş icraçı direktoru Çarli Marşall səmimi qəbula görə təşəkkür edib. O, təşkilatın missiyası barədə məlumat verib. Qonaqlar təmsil etdikləri klubların fəaliyyətləri barədə danışıblar. Görüşdə həmçinin futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansın yaradılması ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: