A Seriyası: 2023/2024 mövsümünə yekun vuruldu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 29-cu turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, mövsümün son oyununda “Atalanta” doğma meydanda “Fiorentina” ilə üz-üzə gəlib.

“Atalanta” bu oyunda qalib gəlsəydi, mövsümü üçüncü yerdə – bürünc medallarla başa vuracaqdı. Lakin beş qolun vurulduğu matçın yekununda qələbəni Florensiya təmsilçisi bayram edib.

Bununla da İtaliya A Seriyasında 2023/2024 mövsümünə rəsmən yekun vurulub. Çempion “İnter” 94 xalla birinci, “Milan” 75 xalla ikinci, “Yuventus” 71 xalla üçüncü yeri tutub. “Atalanta” 69 xalla dördüncü olub. Bu dörd komanda ilə yanaşı, 68 xalla beşinci yeri tutumuş “Bolonya” da İtaliyanı növbəti mövsümdə UEFA Çempionlar Liqasında təmsil edəcək. 63 xalla 6-cı yeri tutan “Roma” və 61 xalla yeddinci olan “Latsio” isə Avropa Liqasına vəsiqə qazanıblar. Mövsümü 60 xalla tamamlayan “Fiorentina” da Avropa Konfrans Liqasında iştirak hüququ qazanıb.

Xatırladaq ki, “Frozinone” (35 xalla 18-ci yeri), “Sassuolo” (30 xalla 19-cu) və “Salernitana” (17 xalla 20-ci) komandaları bu mövsümün yekunlarına əsasən A Seriyası ilə vidalaşıblar. Bu kollektivlər gələn mövsümü B Seriyasında keçirəcəklər. Əvəzində “Parma”, “Komo” və “Venesiya” komandaları elitaya yüksəliblər.

İtaliya A Seriyasında 2024/2025 mövsümünə bu il avqustun 17-də start veriləcək. Növbəti mövsümün 2025-ci ilin may ayında yekunlaşdırılması nəzərdə tutulub.

İtaliya, A Seriyası
29-cu turun oyunu
2 iyun

Atalanta – Fiorentina 2:3
Qollar: Lukman, 12. Skalvini, 32 – Belotti, 6; 45+1. N.Qonsales, 19.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: