Futbol üzrə Seneqal yığmasının sabiq müdafiəçisi, bu mövsümün əvvəlindən “Sabah”da çıxış edən Abdulaye Ba Azərbaycan klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bunu 32 yaşlı futbolçu sosial şəbəkə hesabında açıqlayıb.
Onun müddəti bitən müqaviləsi yenilənməyib. Təcrübəli mərkəz müdafiəçisi “Sabah”la vida paylaşımında bunları qeyd edib:
“Sabah”la müqaviləmin müddəti başa çatıb. Bu komandada oynamaq çox gözəl idi. Xüsusi təcrübə oldu. Hər oyunda vacib olduğumu, evdəymişəm kimi hiss etdirdiniz. Azarkeşlər mənə böyük dəstək verdi. Kluba təşəkkür edirəm. Hər birinizdən öyrəndiklərim oldu. Hər zaman qəlbimdə qalacaqsınız”.
Xatırladaq ki, Abdulaye Ba 2022-ci ilin iyul ayından “Sabah”da çıxış edirdi. Həmin vaxt mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanmışdı. Lakin göründüyü kimi, tərəflər əlavə 1 illik müqaviləni aktivləşdirməyə ehtiyac duymayıblar. Ba bu komandanın heyətində bütövlükdə 23 oyuna çıxıb, 2 qol da vurub.
Seneqallı futbolçu karyerası ərzində Portuqaliyanın “Portu” (2012-2014), “Sportinq” (Kovilya, 2010/11), “Akademika” (2011/12), “Gimaraynş” (2013/14), “Moreyrense” (2020-2022) və “Aroka” (2021/22) klublarının da formasını geyinib. Futbolçu həmçinin İspaniyanın “Rayo Valyekano” (2014/15, 2017-2019), “Deportivo” (2019/20), Türkiyənin “Fənərbaxça” (2015/16), “Alanyaspor” (2016/17), Almaniyanın “Münhen 1860” (2016/17) və Rumıniyanın “Dinamo” (Buxarest, 2020/21) klublarında legioner həyatı yaşayıb. O, Seneqal millisinin heyətində 7 oyun keçirib.