Abel Ruis: “Braqa” 1/8 finala çıxmağa layiq idi”

“Braqa”nın kapitanı Abel Ruis Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Portuqaliya təmsilçisi Bakıda baş tutan cavab qarşılaşmasında 3:2 hesabıyla qalib gəlsə də, doğma meydandakı 2:4 hesablı məğlubiyyətə görə Avroliqa ilə vidalaşıb.

Portuqaliyalı hücumçu ümumi hesabda 5:6 uduzaraq mübarizəni dayandırmalarına belə münasibət bildirib:

“Çətin bir gecə idi. Düşünürəm ki, ikinci hissədə daha yaxşı oynadıq. Birinci hissə bir az pis oldu. Amma fasilədən sonra iki qol vurduq, lakin mərhələni keçə bilmədik”.

Abel Ruis “Qarabağ”ı tərifləsə də, “Braqa”nın mərhələni keçməyə layiq olduğunu bildirib: “Qarabağ”la matçlarımızı izləyən hər kəs rəqibin əla komanda olduğunu, çox yaxşı oynadıqlarını və işimizi çox çətinləşdirdiklərini gördü. Cavab matçında üstün idik və mərhələni keçməyə layiq idik. Amma bu, futboldur. İndi bizim üçün çox vacib olan çempionatdır. Qarşıda növbəti oyuna hazırlaşmalı, diqqətimizi bu matça yönəltməliyik”.

“Braqa”nın digər hücumçusu, “Qarabağ”a qol da vuran Alvaro Djalo isə komandasının mübarizəni dayandırmasına belə şərh verib:

“Mübarizəni dayandırdığımıza görə üzgünəm. “Qarabağ” azlıqda qalandan sonra rəqibin üstünə getdik və ən çətin işin öhdəsindən gəldik. İkinci hissədə komandamıza, mərhələ adlayacağımıza inamım daha da artdı. Qolu vuranda düşündüm ki, biz mərhələni keçə bilərik. Çünki bunu bacardığımızı nümayiş etdirirdik. Sonra penalti ilə qol vurduq. Qol vurmağımız oyunu əlavə vaxta apardı. Amma son anda “Qarabağ” da qol vurdu. Onlar cərimə zərbəsindən çox sürətli şəkildə 2-ci qolu vurdular və bizi son anda “öldürdülər”. İşlər yaxşı getməyəndə, bu, futbolçuları əsəbiləşdirir. Amma futbol belədir. Çalışıb meydanda özümüzü ən yaxşı tərəfdən göstərməliyik. Mən öz töhfəmi verməyə və əlimdən gələni etməyə çalışdım, amma mərhələ keçə bilmədiyimizə görə üzülürəm”.

Xatırladaq ki, “Qarabağ” iki oyunun nəticəsinə görə (4:2, 2:3) 1/8 finala adlayıb. “Braqa” isə avrokuboklarla vidalaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: