İyunun 14-də Almaniyada başlamış və hazırda davam edən futbol üzrə Avropa çempionatında (AÇ-2024) bəzi statistik rekordlar qeydə alınıb.
Arena.az həmin rekordları diqqətinizə çatdırır:
– “Opta Sport” statistik internet-portalının təqdim etdiyi məlumata əsasən, 1-ci turun “C” qrupunda keçirilmiş Serbiya – İngiltərə oyununda (0:1) rəqiblər bir-birilərinin qapılarına ümumilikdə 11 zərbə endiriblər. Bu, Avropa çempionatlarında statistiki məlumatların toplanılmasına başlanıldığı, İtaliyada keçirilmiş AÇ-1980-dən bəri ən pis göstəricidir;
– Sözügedən oyunda İngiltərə yığması Serbiya yığmasını 1:0 hesabı ilə məğlub edib. Bununla da sözügedən komanda ardıcıl 5-ci dəfə yarışın final hissəsinin qrup mərhələlərində “quru” hesabla oyununu rəsmiləşdirib ki, bu da rekorddur. Daha əvvəl AÇ-2016-nın qrup mərhələsinin 3-cü turunun oyununda İngiltərə yığması Slovakiya yığması ilə heç-heçə (0:0) etmiş, daha sonra AÇ-2020-nin qrup mərhələsində Xorvatiya yığmasını məğlub edərək (1:0), Şotlaniya yığması ilə heç-heçə (0:0) oynamış, sonuncu turda isə Çex Resbublikasının yığmasını yenmişdi (1:0);
– Həmçinin bu oyunda İngiltərə yığmasının və “Everton”un qapıçısı Cordan Pikford həm dünya çempionatı və həm də Avropa çempionatı daxil olmaqla, yığma komandanın qapısında 10-cu “quru” oyununu keçirib. Beləliklə Pikford 1990-cı ildə İtaliyada keçirilmiş dünya çempionatında ingilis qapıçı Peter Şiltonun nail olduğu göstəricini təkrarlayıb;
– Bu oyunda İngiltərə yığmasının və “Bayern”in mərkəz hücumçusu Harri Keyn dünya və Avropa çempionatlarında əsas heyətdə 23-cü dəfə meydana çıxaraq, İngiltərə yığmasının tarixi rekordunu müəyyənləşdirib. Əvvəlki rekord isə yığmanın keçmiş sol cinah müdafiəçisi Eşli Koula aid idi;
– 1-ci turun “C” qrupunda keçirilmiş Sloveniya – Danimarka oyununda (1:1) “Barselona”nın danimarkalı mərkəz müdafiəçisi Andreas Kristensen 100% dəqiqliklə 89 ötürmə verib. Bununla da o, Avropa çempionatları tarixində mütləq dəqiqlik rekordu müyyənləşdirib. Statistiki məlumatların toplanılmasına başlanıldığı AÇ-1980-dən bəri heç bir oyunçu bu qədər ötürmə verməklə, mütləq dəqiqliyə nail olmamışdı;
– 1-ci turun “D” qrupunda keçirilmiş Polşa – Niderland oyununda (1:2) “narıncılar” 2008-ci ildən bəri ilk dəfə və tarixdə yalnız 12-ci dəfə böyük yarışda komandanın əsas heyətində ölkənin futbol nəhəngi “Ayaks”ın bir futboçusu belə, olmadan oyun keçiriblər.


