Robert Prosineçki Qırğızıstan yığmasından ayrıldı – Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki Qırğızıstan yığmasından istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Qırğızıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xorvat məşqçi Qırğızıstan yığmasının “sükanı arxasında” cəmi 8 ay qalıb. Onunla müqaviləyə xitam verilib. Buna səbəb kimi federasiya rəhbərliyinin sözləşmənin şərtlərini dəyişmək istəməsi göstərilib. 57 yaşlı çalışdırıcı da buna razılıq vermədiyi üçün yollar ayrılıb.

Maraqlıdır ki, ötən ilin dekabrında Qırğızıstan yığmasının baş məşqçisi təyin olunan Prosineçkinin rəhbərliyi altında komanda heç bir rəsmi oyuna çıxmayıb.

Bundan öncə Monteneqro yığmasına rəhbərlik etmiş Robert Prosineçki 2014-2017-ci illər aralığında Azərbaycan millisinin baş məşqçisi olub. Millimiz həmin dövrdə bu məşqçinin rəhbərliyi altında 23 matça çıxıb. Bu görüşlərdə 6 qələbə qazanmış Azərbaycan yığması, 6 heç-heçə edib, 11 görüşdə isə məğlubiyyətə üzülüb.

Prosineçki vaxtilə Bosniya və Herseqovina yığmasını da çalışdırıb. O, Xorvatiyanın “Rudeş”, Sloveniyanın “Olimpiya” (Lyublyana), Serbiyann “Srvena Zvezda”, Türkiyənin “Kayserispor” və “Dənizlispor” klublarında da baş məşqçi kimi çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: