Futbol üzrə İtaliya yığmasının və “Yuventus”un qapıçısı Mattiya Perin bundan sonra “Palermo”nun uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Palermo”nun rəsmi saytına istinadən xəbər verir.
Sözügedən klub bu transfer üçün “Yuventus”a 400 min avro ödəyib. 33 yaşlı italiyalı qolkiperlə 3 illik müqavilə imzalanıb.
Mattiya Perin “Cenoa”nın yetirməsi hesab olunur. Bu klubda olarkən “Padova” və “Peskara”da da icarədə oynamış italiyalı qolkiper 2018-ci ilin iyul ayında 16,3 milyon avro müqabilində “Yuventus”a keçmişdi. O, Turin klubunun heyətində 71 oyunda meydana çıxıb, 67 qol buraxıb, 30 matçda qapısını toxunulmaz saxlayıb.
“Yuventus”da daha çox ehtiyat qapıçı olan Perin, bu klubla 2 dəfə (2018/2019 və 2019/2020 mövsümlərində) İtaliya çempionu olub. O, Turin təmsilçisi ilə bir dəfə İtaliya Kubokunu (2023/2024), bir dəfə də İtaliya Super Kubokunu (2018/2019) qazanıb.
Mattiya Perin İtaliyanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2014-cü ildə əsas millidə də debüt edib. Amma yığmada da əsas heyət üzvünə çevrilə bilməmiş qapıçı cəmi 2 matçla kifayətlənib.
“Transfermarkt” internet-portalı 33 yaşlı italiyalı qapıçının transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.


