Pikas “İmişli”də cəmi bir ay duruş gətirdi

Anqolalı hücumçu Dominqos Sengi Hermenegildo (daha çox “Pikas” ləqəbi ilə tanınır) “İmişli”yə gəldikdən bir ay sonra klubu tərk edib.

Arena.az bu barədə “İmişli”nin mətbuat xidmətinə istinadən xəbər verir.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Amma belə erkən ayrılığın səbəbi açıqlanmayıb. Klub futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “İmişli” iyulun 27-də 25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalandığını bəyan etmişdi.

Sağ cinah vingeri mövqeyində çıxış edən Pikas karyerası ərzində Anqolanın “Petro Luanda”, eləcə də Portuqaliyanın “Şaveş”, “Torrense”, “Feyrense” və “Fafe” klublarının formasını geyinib. 25 yaşlı futbolçu “Fafe”dən bu yay azad agent kimi ayrılmışdı.

Cinah hücumçusu Anqola yığmasına dəvət alsa da, debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: