Rahim Sterlinq məhkəmə qarşısına çıxacaq – Səbəb

İngiltərə millisinin sabiq hücumçusu Rahim Sterlinq yol-nəqliyyat hadisəsi ilə bağlı bir neçə ittiham üzrə sentyabrda məhkəmə qarşısına çıxacaq.

Arena.az xəbər verir ki, bu barədə Hempşir qraflığının polis nümayəndəsi məlumat verib.

31 yaşlı futbolçuya təhlükəli avtomobil idarə etmək, azot oksidini qanunsuz inhalyasiya məqsədilə saxlamaq və analiz üçün nümunə təqdim etməkdən imtina ilə bağlı ittihamlar irəli sürülüb.

İttihamlar mayın 28-də Hempşir qraflığında, M3 avtomagistralının Minli qovşağı yaxınlığında baş vermiş qəza ilə əlaqədardır. Hadisədə Sterlinqin idarə etdiyi “Lamborghini” iştirak edib. Polis digər avtomobillərin qəzaya qarışmadığını və xəsarət alan şəxsin olmadığını bildirib.

Sterlinq sentyabrın 15-də Beysinqstouk magistrat məhkəməsində hakim qarşısına çıxacaq. BBC-nin məlumatına görə, polis futbolçunun narkotik vasitələrin təsiri altında avtomobil idarə etməsindən şübhələnir. Bununla belə, qəza zamanı Sterlinqin ətrafından olan mənbə onun orqanizmində qanunsuz maddələrin aşkar edilmədiyini bildirmişdi.

“The Sun” daha əvvəl futbolçunun ittihamlar təsdiqlənəcəyi təqdirdə iki ilədək həbs cəzası ala biləcəyini yazıb.

Rahim Sterlinq karyerasında “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Arsenal”da çıxış edib. “Mançester Siti” ilə dörd dəfə İngiltərə çempionu olan hücumçu beş dəfə Liqa Kubokunu və bir dəfə İngiltərə Kubokunu qazanıb. O, İngiltərə millisinin heyətində də 2021-ci il Avropa çempionatının gümüş medalçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: