Hazırda Almaniyada keçirilən futbol üzrə Avropa çempionatı (AÇ-2024) zamanı azarkeşlərlə bağlı ilk xoşagəlməz hadisə yaşanıb.
Arena.az bu barədə “Bild” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, bu gün, iyunun 16-da qrup mərhələsinin 1-ci turu çərçivəsində “D” qrupunda keçiriləcək Polşa – Niderland oyunu ərəfəsində azarkeşlərin Hamburqda yürüşü zamanı hüquq-mühafizə orqanlarının nümayəndələri hərəkətə keçməli olublar. Belə ki, qəzəbli bir kişi əlində külüng ilə kütlənin üzərinə hücum çəkib və ardınca polisə saldırmağa çalışıb. Polisin çevik qüvvələri odlu silahdan atəş açmaq məcburiyyətində qalıblar.
Hücum edən şəxsin üstündə “Molotov kokteyli”nin olduğu vurğulanır. Polis əvvəlcə istiot qazından, sonra isə odlu silahdan istifadə edib. Bu şəxsin ayağından yaralandığı vurğulanır. Hazırda yaralıya tibbi yardım göstərilir.
Hadisənin digər təfərrüatı haqda məlumat verilmir. Vurğulanır ki, yerli idarəetmə orqanları xoşagəlməz hadisələrin ictimaiyyətə mənfi təsirinin qarşısını almaq məqsədilə, baş verməsi əvvəlcədən göz altına alnmış bu qəbildən yerli miqyasda xuliqanlıq hadisələrini şişirtməməyə üstünlük vermək mövqeyini tutublar.
Hazırda polis hadisənin baş verdiyi Sankt-Pauli bölgəsində genişmiqyaslı önləmə əməliyyatı keçirir.


