2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 7-cı tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qrup (A, D, E və İ qrupları) üzrə 8 qarşılaşma baş tutub.
Daha bir oyun – İsrail və İsveçrə yığmalarının oyunu isə təxirə salınıb. Bu qarşılaşma noyabrın 15-də keçiriləcək. Oyunun təxirə salınması İsrail və Fələstin arasındakı müharibə ilə bağlıdır. Amma qarşılaşmanın harada təşkil olunacağı hələ bilinmir.
A qrupunda İspaniya və Şotlandiya yığmalarının oyunu böyük maraqla gözlənilirdi. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər. Xalsız olan qrup sonuncusu Kipr isə nəhayət bu turda Norveçi büdrətməyi hədəfləsə də, yenə istəyinə çata bilməyib və məğlub olub.
D qrupunda Xorvatiya və Türkiyə yığmaları liderlik uğrunda ölüm-dirim savaşına çıxıblar. Qarşılaşma “ay-ulduzlular”ın çox vacib qələbəsiylə yekunlaşıb. Latviya yığması isə Ermənistanı qəbul edib və inamlı qələbəyə sevinib.
E qrupunda Albaniya Çexiyanı, Farer adaları Polşanı sınağa çəkib. Albanlar evdə, polyaklar səfərdə qələbə qazanıblar.
İ qrupunda isə Andorra – Kosovo və Belarus – Rumıniya görüşləri baş tutub. Kosovonun səfərdə darmadağına imza atdığı gündə qrupun digər matçı qolsuz bitib.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 7-ci tur
12 oktyabr
A qrupu
İspaniya – Şotlandiya 2:0
Qollar: Morata, 74. Sanset, 86.
Kipr – Norveç 0:4
Qollar: Sörlot, 33. Haland, 65; 72. Aursnes, 81.
Xal: Şotlandiya – 15. İspaniya – 12. Norveç – 10. Gürcüstan – 4. Kipr – 0.
D qrupu
Latviya – Ermənistan 2:0
Qollar: İkaunieks, 39. Balodis, 68.
Xorvatiya – Türkiyə 0:1
Qol: B.Yılmaz, 30.
Xal: Türkiyə – 13. Xorvatiya – 10. Ermənistan – 7. Uels – 7. Latviya – 3.
E qrupu
Albaniya – Çexiya 3:0
Qollar: Asani, 9. Seferi, 51; 73.
Farer adaları – Polşa 0:2
Qollar: Şimanski, 4. Buksa, 65.
Xal: Albaniya – 13. Polşa – 9. Çexiya – 8. Moldova – 8. Farer adaları – 1.
İ qrupu
Andorra – Kosovo 0:3
Qollar: Raşiça, 26; 71. Zeqiri, 83.
Belarus – Rumıniya 0:0
Xal: İsveçrə – 14. Rumıniya – 13. İsrail – 11. Kosovo – 7. Belarus – 5. Andorra – 2.


