Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə Azərbaycan millisi vətənə qayıdıb. Arena.az xəbər verir ki, milli üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin, Güləş Federasiyasının rəsmiləri, məşqçilər və idmançılar qarşılayıb.
Aeroportda jurnalistlərə açıqlama verən milli komandanın baş məşqçisi Aleksandr Tarakanov qazandıqları uğuru belə şərh edib:
“Avropa çempionatına yaxşı hazırlaşmışdıq. Zaqrebdə keçirilən reytinq turnirindən sonra ölkə xaricində 2 təlim-məşq toplanışı keçdik. Xorvatiyada və Gürcüstanda toplanışlarda iştirak etdik. Komandamız qitə birinciliyində uğurlu çıxış etdi. Bundan sonra bütün diqqətimizi sentyabrda keçiriləcək lisenziya xarakterli dünya çempionatına yönəldəcəyik. Federasiya rəhbərliyi beynəlxalq arenalarda uğurlu çıxış etməyimiz üçün lazım olan bütün şəraiti yaradır”.
Avropa çempionu Ülvü Qənizadə də fikirlərini bölüşüb: “Karyeramda ilk dəfə Avropa çempionu oldum. Buna görə çox sevinirəm. Məni ilk təbrik edən anam oldu. Qələbəmi şəhidlərimizin və atamın ruhuna həsr edirəm. Növbəti hədəfim dünya çempionu olmaqdır. Arxayınlaşmaq olmaz. İnanıram ki, bu nəticələrin ardı gələcək.
Avropa ikincisi Taleh Məmmədov isə bunları söyləyib: “İrəvandakı ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması güləşçilərimiz üçün ikiqat məsuliyyət oldu. Bu, komandanın əhvali-ruhiyyəsinə müsbət təsir etdi, idmançıları daha da ruhlandırdı. Ermənistan idmançısıyla artıq dördüncü dəfədir qarşılaşıram. Özüm elə taktika seçdim ki, birinci hissədə parterdə oturum, ikinci hissədə isə bütün var gücümü qoyaraq qələbə qazanım. Elə qurduğum taktika ilə də getdim. Rəqib bilirdi ki, bundan öncəki yarışda onu qaldırıb atmışam və bunu yenə etmək istəyəcəyəm. Ancaq ondan müdafiə olunurdu deyə başqa fənd etməli oldum. Həmin fəndin üzərində işləmişdim, icra edib qələbə qazanaraq finala vəsiqə qazandım. Növbəti hədəfim dünya çempionu olmaqdır. Serbiyada qızıl medal qazanıb, karyeramı başa vurmaq istəyirəm”.
Azərbaycan millisi qazandığı 2 qızıl, 3 gümüş və 1 bürünc medalla komanda hesabında 2-ci olub. Həsrət Cəfərovla (67 kq) Ülvü Qənizadə (72 kq) çempion olub. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (130 kq) isə bürünc medal qazanıb.


