Açıq Avropa turniri: Millimizin qazancı bir medal oldu

Martın 11-12-də İtaliyanın paytaxtı Roma şəhərində təşkil olunmuş cüdo üzrə Açıq Avropa turniri başa çatıb. Arena.az xəbər verir ki, Azərbaycan yığması da bu turnirdə 11 cüdoçu ilə təmsil olunub.

İlk yarış günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxıb. Milli üzvlərindən Kənan İsmayılov (60 kq) yarışı 3-cü yerdə başa vurub. Kənan bürünc medal uğrunda görüşdə niderlandlı idmançı Emiel Carinqə qalib gəlib. İbrahim Əliyev (-73 kq) yarışı 5-ci yerdə tamamlayıb.

Sonuncu yarış günündə tatamiyə çıxan qalan 5 cüdoçumuz isə medalçılar sırasına düşə bilməyiblər. Bu üzdən də millimiz Romadakı turnirdə cəmi bir medalla kifayətlənib.

Yeri gəlmişkən, Azərbaycanın cüdo üzrə milli komandalarının baş həkimi Ramil Vəliyev İtaliyadakı Açıq Avropa turnirində komissar həkim kimi fəaliyyət göstərib. O, həmçinin yarışda qadınlar arasında -63 kq və kişilər arasında +100 kq çəki dərəcələrində təltifetmədə iştirak edib.

Xatırladaq ki, Ramil Vəliyev 22-23 noyabrda Türkiyənin İstanbul şəhərində keçirilən seminarda Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçilib. O, bundan sonra da Avropa Cüdo Birliyinin təqvimində olan yarışlarda komissar həkim kimi fəaliyyət göstərəcək.

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin iki üzvü də bu turnirin iştirakçısı olub. “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova və Olimpiya dərəcəli hakim Fariz Hüseynov turnirdə ədalət təmsilçiləri sırasında yer alıblar.

Romadakı Açıq Avropa turniri üçün bütövlükdə 36 ölkədən 401 idmançı qeydiyyatdan keçmişdi. Azərbaycan millisi böyüklərdən ibarət yığma komandanın böyük məşqçiləri Mövlud Mirəliyev və Mehman Əzizovun rəhbərliyi altında bu heyətlə yarışa qatılmışdı:

-60 kq
Rəşad Yelkiyev
Kənan İsmayılov

-66 kq
İsmayıl İbrahimov
Tofiq Əliyev

-73 kq
İbrahim Əliyev
Telman Vəliyev

-81 kq
Məhərrəm İmamverdiyev
Zaməddin Poladov

-100 kq
Adil Kərimli
Ruslan Nəsirli
Aslan Mirzəyev

Xəbəri sosial şəbəkələrdə paylaş: