AFFA hakimləri söyən klub rəsmisini 5 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra İkinci Liqanın 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Şəmkir” – “Şəki Siti” oyunu Şəki klubunun qapıçısının formasında qüsurlar olduğuna görə görüş gec başlandığı üçün qonaq komanda 80 manat cərimə edilib.

“Şəmkir” – “Şəki Siti” oyununda “Şəmkir”in azarkeşləri tərəfindən oyunun hakimlərinin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr işlədilib. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə sözügedən kluba xəbərdarlıq edilib.

“Kürmük Qax” – “Şəfa” oyunu bitdikdən sonra “Kürmük Qax”ın direktoru Əlövsət Bayramov hakimlər otağına icazəsiz daxil olaraq oyunun rəsmi şəxslərinin ünvanına qeyri-etik ifadələr səsləndirib. O, buna görə 5 oyun cəzalanıb, “Kürmük Qax” klubu isə buna görə 400 manat cərimə edilib.

“Kürmük Qax” – “Şəfa” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Kürmük Qax” klubu 50 manat cərimə edilib.

“Füzuli” – “Baku Sportinq” oyununda “Füzuli” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Füzuli” klubu 70 manat cərimə edilib.

AFFA İntizam Komitəsi İkinci Liqanın 5-ci turunun “Göygöl” – “Dinamo” oyunundakı mübahisəli məsələyə də aydınlıq gətirib. Belə ki, “Göygöl”ün futbolçusu Fərid Məmmədovun bu oyunda çıxış etməsi ilə bağlı məsələ İK tərəfindən ətraflı araşdırılıb. Transfer pəncərəsinin 30 sentyabrda bağlanmasını, “Göygöl”ün futbolçunun azad edilmə sənədini qarşı tərəfdən almasını, futbolçunun mövsüm ərzində 3 klubda sifariş edilib 2 klubda oynaya bilməsini, həmçinin İkinci Liqanın yarıhəvəskar turnir olduğunu nəzərə alaraq “Göygöl”ə hər hansı sanksiya tətbiq edilməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: