Ahmed Ayzaya “Zirə”yə qarşı oynamayacaq

“Qəbələ”nin Nigeriyadan olan mərkəz yarımmüdafiəçisi Ahmed Ayzaya Premyer Liqanın 21-ci turunda “Zirə”yə qarşı oynamayacaq.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qəbələ” Azərbaycan Premyer Liqasının “1-ci turunda doğma meydanda “Zirə” ilə qarşılaşacaq. Bu qarşılaşmanın hazırlığında “qırmızı-qaralar”ın bir futbolçusu iştirak etməyib. Yanvar ayında “Araz-Naxçıvan”a qarşı yoxlama oyununda sıradan çıxmış Ahmed Ayzaya hələ də bərpa prosesi keçir.

Qeyd edək ki, “Qəbələ” ilə “Zirə” arasındakı qarşılaşma sabah Qəbələ şəhər stadionunda keçiriləcək. Oyuna saat 17:30-da start veriləcək.

Bu qarşılaşma rəqiblərin ümumilikdə 36-cı dueli olacaq. Əvvəlki 35 oyunda üstünlük “Qəbələ”nin tərəfindədir. 14 qələbəsi olan bu komanda eyni sayda heç-heçəyə imza atıb və 7 dəfə məğlubiyyətlə üzləşib. “Zirə” ilə matçlarda 46 qol vuran “qırmızı-qaralar” 29 top buraxıblar. Bu görüşlərdə “Qəbələ”nin ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır. Ülvi İsgəndərovun hesabında üç top var.

İndiyə qədər keçirilmiş 35 görüşdən 33-ü çempionat, 2-si kubok çərçivəsində baş tutub. Premyer Liqada 12 dəfə qalib gələn “Qəbələ” 14 matçdan 1 xalla ayrılıb. Digər 7 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 39 qol vuran “qırmızı-qaralar” 28 top buraxıblar.

“Qəbələ” 18-ci dəfə “Zirə”ni öz meydanında qəbul edəcək. 8 qələbəsi olan meydan sahibləri 8 sülhə imza atıblar və yalnız 1 dəfə uduzublar. Doğma divarlar arasında 23 qol vuran Qəbələnin eyniadlı komandası 11 top buraxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: