“Yuventus”un braziliyalı sol cinah müdafiəçisi Aleks Sandro cari mövsümün sonunda müqavilə müddətinin bitməsilə Turini tərk edəcək.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.
Braziliyalı futbolçu vida məktubunda “byankoneri”nin heyətində keçirdiyi dövrü xatırlayıb, “Yuventus”a təşəkür edərək uğurlar diləyib və gələcəyi ilə bağlı müəyyənləşmədiyini də vurğulayıb:
“Mən hələ harada olacağımı bilmirəm, amma həmişə “Yuventus” üçün ən yaxşısını arzulayacağam. Bu, heyrətamiz bir macəra idi. Bu həyat yolunu xatırlayanda və danışanda gözlərim indiki kimi həmişə parıldayacaq. Hər şeyin ən yaxşısını arzulayıram”, – Aleks Sandronun vida məktubunda deyilir.
Aleks Sandro Braziliyanın “Atletiko Paranaense” klubunun yetirməsidir. Braziliyalı futbolçusu “Yuventus”a 2015-ci ilin avqustunda 28 milyon avro məbləğ müqabilində “Portu”dan keçib.
Buna qədər Aleks “Maldonado” (Uruqvay) olub və “Santos”da da çıxış edib.
Cari mövsümdə Aleks Sandro “byankoneri”nin heyətində bütün yarışlarda 18 oyun keçirib, 1 qol vurub. Braziliyalı cinah müdafiəçisinin “qoca sinyora”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 327 oyun, 16 qol və 32 məhsuldar ötürmə.
Aleks Sandro 2011-ci ilin noyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 40 oyuna çıxıb, 2 qolla fərqlənib.
Aleks “Yuventus”la 5 dəfə İtaliya A Seriyasının, 5 dəfə İtalya Kubokunun və 2 dəfə İtaliya Super Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 33 yaşlı braziliyalı sol cinah müdafiəçisinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.


