Azərbaycan milli komandasının boksçusu Alfonso Dominqes Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında finala yüksəlib. Arena.az xəbər verir ki, 86 kq çəki dərəcəsində rinqə çıxan Olimpiya mükafatçısı yarımfinalda Georgi Kuşitaşvili ilə qarşılaşıb.
Dünya çempionumuz Gürcüstan təmsilçisi ilə döyüşdə hər üç raundu xeyrinə bitirib. Milliləşdirilmiş boksçumuz yekunda rəqibini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.
Alfonso Dominqes final döyüşünə mayın 14-də çıxacaq. Rəqibin kim olacağı hələ dəqiqləşməyib.
Axşam saatlarında Azərbaycan millisinin daha bir boksçusu – Məhəmməd Abdullayev (+92 kq) də yarımfinal döyüşünə çıxacaq. O, həlledici görüşə vəsiqə uğrunda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək.
Xatırladaq ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatı mayın 14-də başa çatacaq. Final döyüşləri son iki günə təsadüf edəcək. Mundialda qızıl medal qazanacaq boksçular 200 min dollar gəlir əldə edəcəklər. İkinci yerin sahibləri 100 min, üçüncü yerin sahibləri isə 50 min dollarla mükafatlandırılacaqlar.
Azərbaycan yığması mundiala tam heyətlə yollanıb. Məşqçilər korpusu dünya çempionatında Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verib. Lakin Məhəmmədlə Alfonsodan başqa bütün boksçularımız mübarizəni erkən dayandırıblar.