Alidu Seydu Fransada klubunu dəyişdi – 11 milyonluq keçid

“Klermon”un qanalı mərkəz müdafiəçisi Alidu Seydu tamhüquqlu müqavilə əsasında Fransanın digər klubu “Renn”ə keçib.

Arena.az bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.

Transfer “Renn”ə 11 milyon avro məbləğində başa gəlib. Fransa klubu qanalı futbolçu ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Alidu Seydu futbola Kot-d’İvuarın “JMG Abican” klubunda qədəm qoyub. O, buradan “Klermon”a yol tapıb və Fransa klubunun əsas komandasında möhkəmlənə bilib.

Cari mövsümün ilk yarısında Seydu “Klermon”un heyətində 14 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.

Alidu Seydunun qənimətlər muzeyi boşdur, qanalı futbolçu futbolda hələ heç nə qazanmayıb.

Seydu 2022-ci ilin iyununda debüt etdiyi Qana yığmasının heyətində 11 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 23 yaşlı qanalı mərkəz müdafiəçisinin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Renn” fransalı dayaq yarımmüdafiəçisi Baptiste Santamariya ilə də yeni müqavilə bağlayıb. 28 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2026-cı ilin 30 iyununa kimi bu klubun uğurları üçün çalışmağa davam edəcək.

Santamariya “Renn”ə 2021-ci ilin avqust ayında Almaniyanın “Fraybruq” klubundan 14 milyon avro qarşılığında gəlib. O, bu komandada 98 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Fransız yarımmüdafiəçi daha öncə “Anje”, “Tur” və “Frayburq”da oynayıb, ölkəsinin U-20 yığmasının şərəfini qoruyub.