İtaliyanın “Yuventus” komandasının baş məşqçisi Massimiliano Alleqri Turin təmsilçisinə verilmiş cəza haqda fikrini bildirib. Arena.az xəbər verir ki, 55 yaşlı mütəxəssis A Seriyasının 36-cı turunda “Empoli”yə 1:4 hesablı məğlubiyyətdən sonra baş tutan mətbuat konfransında mübariz və nikbin yanaşması ilə diqqət çəkib:
“Biz alibi və ya bəraət axtarmalı deyilik, çünki biz – “Yuventus”uq, biz qələbə qazanmağa, ən azı, qələbə uğrunda mübarizə aparmağa adət etmişik. İndi bizi qarşıda daha iki oyun gözləyir. Hazırda, məğlubiyyətdən sonra bizim edə biləcəyimiz tək şey sakit olmaq və bununla barışmaqdır. Oyunqabağı biz 69 xal toplamışdıq və turnir cədvəlində ikinci idik.
Hətta 10 xallıq cəzadan sonra belə, bu gün qələbə qazanacağımız halda Çempionlar Liqasında iştirak uğrunda “Milan”la mübarizə şansımız vardı. Təəssüf ki, hər şey boşa getdi. Futbolçularımı qınaya bilmərəm. Bu, qəliz vəziyyət idi. Növbəti bir neçə gün də asan olmayacaq. Çünki biz Avropa Liqasından da “uçmuşuq”, üstəlik, oyunun başlanmasına onca dəqiqə qalmış isə aldığımız yeni cəzadan xəbərdar olmuşuq. Üç ay ərzində bizdən xallarımızı gah alıb, gah qaytarıblar. Bu, bəraət deyil, amma şübhəsiz, bizim üçün anomal mövsümdür və bütün bunlara rəğmən, komanda 69 xal qazanıb”, – “Football Italia”, baş məşqçinin sözlərini açıqlayıb.
Xatırladaq ki, ötən gün İtaliya Apellyasiya məhkəməsi “Yuventus”u maliyyə hesabatlarında saxtakarlığa yol verdiyi üçün cərimələyb. Komandanın A Seriyasında topladığı xal hesabından 10 xal çıxılıb.