“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri A Seriyasının 31-ci turunda “byankoneri”nin “Fiorentina” ilə ev oyununu (1:0) şərh edib.
Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Daha yaxşı olmaq üçün hər gün çalışırıq. Psixoloji məqamlar da var, axı biz uzun müddətdir ki, A Seriyasını qazana bilmirik. Birinci hissədə heç nə bizi təhdid etmirdi. Üç qolumuz santimetrlik oyundankənar vəziyyətə görə ləğv edildi, ikinci hissədə də qol imkanları yaratdıq.
Bəli, texniki səhvdən sonra oyunun sonunda qol buraxmaq riskinə düşdük, amma futbolçuları qınamazdım. Onlar yaxşı mövsüm keçirirlər, mümkün qədər çox xal toplamaq üçün hər şeyi edirik.
90 dəqiqə topa sahib olmaq, 30 zərbə vurmaq istəyirik, amma heç kimin xəyallarında belə, buna nail ola biləcəyini düşünmürəm. İndi ən vacib olanı nəticədir.
Fasiləyə qədər 2:0 hesabı ilə öndə olmalıydıq. İkinci qolu da vurmadıq və “Fiorentina”nın mübarizəyə başlaması qaçılmaz idi. Əks-hücumlar nəticəsində imkanlarımız oldu və onlardan daha yaxşı yararlana bilərdik”, deyə Alleqri bildirib.
İtaliya A Seriyasında keçirdiyi 31 oyundan sonra “Yuventus” 62 xalla yarış cədvəlinin 3-cü pilləsində qəralaşıb. “Fiorentina” isə 30 oyundan 43 xalla 10-cu pillədədir.
A Seriyasına 30 oyundan 79 xalla “İnter” başçılıq edir.


