“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının 22-ci turunda “Empoli” ilə oyun (1:1) haqda fikirlərini paylaşıb.
Arena.az DAZN portalına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir.
Xatırladaq ki, “qoca sinyora”nın polyak mərkəz hücumçusu Arkadiuş Milik oyunun 18-ci dəqiqəsində rəqibin italyan mərkəz hücumçusu Alberto Çerriyə qarşı kobud oynayaraq, birbaşa qırmızı vərəqə alıb. Bu amil çempionluğa iddialı “Yuventus”un evdə yarışın autsayderi ilə oyunda xal itkisinə təsir göstərib:
“Məncə, oyunun başlamasından təxminən 15 dəqiqə sonra 10 nəfərlə oynamağımıza rəğmən, komanda yaxşı oynadı, amma yenə də qələbə qazanmağa çalışdıq. Yaxşı anlar yaşadıq. Amma bu, futboldur, bəzən məyus edir, üstəlik, qırmızı vərəqə planlarımızı bir qədər korladı, “Empoli” isə onları çətinləşdirdi. Futbolda belə şeylər olur, təəssüf ki, 10 nəfərlə qaldıq”, deyə Alleqri bildirib.
İndi 22 oyundan 53 xal toplamış “Yuventus” A Seriyasının turnir cədvəlinə müvəqqəti başçılıq edir. 20 oyundan 51 xal toplamış “İnter” 2-ci pillədə potensial lider statusundadır. Autsayder “Empoli” isə 17 xalla turnir cədvəlinin sonuncudan əvvəlki, 19-cu pilləsində qərarlaşıb.


