İtaliya nəhəngi “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandanın yeni mövsümə hazırlığını dəyərləndirib.
Arena.az bu barədə jurnalist Canluka Di Marsioya istinadən məlumat verir.
“Uzun illərdən sonra ilk dəfə avrokuboklarda oynamayacağıq və buna öyrəşməli olacağıq. Ancaq biz futbolçularla daha çox işləyə bilərik. Klub gələn mövsüm çempionluq uğrunda mübarizə aparsa, yaxşı olar. Malik olduğum heyətdən çox razıyam və yeni oyunçuların gəlməsi ehtimalı azdır. Bəzi oyunçular ötən mövsümlə müqayisədə tərəqqi edəcəklər”, deyə Alleqri vurğulayıb.
Xatırladaq ki, İtaliya A Seriyasının 2023/2024 mövsümünün 1-ci turu çərçivəsində “Yuventus” səfərdə “Udineze”nin qonağı olacaq. “Byankoneri” ötən mövsümü 7-ci sırada başa vurub. Ciddi maliyyə pozuntularına yol verdiyinə görə, “qoca sinyora” UEFA tərəfindən cəzalanaraq, cari mövsümdə Avropa yarışlarında iştirak hüququndan məhrum edilib.


