Amrabat Uahbiyə görə milli komandadan imtina etdi

Amsterdam “Ayaks”ının yarımmüdafiəçisi Sofyan Amrabat Mərakeş milli komandasından müvəqqəti uzaqlaşdığını açıqlayıb.

Arena.az xəbər verir ki, 30 yaşlı futbolçunun bu qərarına Mərakeş millisinin baş məşqçisi Mohamed Uahbi ilə yaşadığı ciddi fikir ayrılıqları səbəb olub. Amrabat qərarı barədə sosial şəbəkələrdəki rəsmi səhifəsində geniş açıqlama yayıb.

Qeyd edək ki, 50 yaşlı Mohamed Uahbi 2026-cı ilin martında Mərakeş millisinin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında “Atlas şirləri” 2026-cı ilin yayında keçirilmiş dünya çempionatında uğurlu çıxış edərək 1/4 finala qədər irəliləyib. Mərakeş millisi bu mərhələdə Fransaya 0:2 hesabı ilə uduzub.

Bununla belə, komandanın daxilində konflikt yaranıb. Amrabat açıqlamasında beynəlxalq karyerasını birdəfəlik başa vurmaq niyyətində olmadığını, lakin hazırkı baş məşqçinin rəhbərliyi altında çıxış etməkdən imtina etdiyini bildirib:

“Ölkəm üçün hər şeyimi vermişəm və Mərakeş millisinin formasını qürurla geyinmişəm. Mərakeşi sevməkdən heç vaxt vaz keçməyəcəyəm və milli komanda həmişə ürəyimdə olacaq.

Bu qərarı qəbul etmək mənim üçün çox çətin idi, amma hiss edirəm ki, Mohamed Uahbi baş məşqçi olduğu müddətdə milli komandanı təmsil etməyə davam edə bilmərəm. Bu şəxs komandanın başında olduğu müddətdə milliyə çağırışları qəbul etməyəcəyəm.

Bu qərarın səbəblərini açıqlamamağa üstünlük verirəm. Mən beynəlxalq futboldan getmirəm və gələcəkdə ölkəmi yenidən təmsil etməyə hazıram”.

Sofyan Amrabat 30 yaşındadır. Mərakeşli futbolçu Avropa karyerası ərzində Niderlandın “Utrext”, İtaliyanın “Fiorentina”, İngiltərənin “Mançester Yunayted” və Türkiyənin “Fənərbağça” klublarında çıxış edib.

Amrabat 30 avqust 2026-cı ildən etibarən rəsmi olaraq Amsterdam “Ayaks”ının futbolçusudur. Yarımmüdafiəçi yeni klubunun heyətində cari mövsüm Erediviziyada artıq bir oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: