“Real”ın baş məşqçisi Karlo Ançelotti “Arsenal”ın danimarkalı hücumameyilli yarımmüdafiəçisi Martin Edeqor haqda fikrini bildirib.
Arena.az italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Edeqor çox gəncdir. İndi o, elə, 16 yaşında olduğu istedada malikdir. O vax onun Avropada ən yaxşılardan biri olmağa xasiyyəti və cəsarəti çatmışdı”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, Martin Edeqorun erkən yeniyetməlik dövrü “Drammen Stronq” və “Strömsqodset” klublarında keçib. 2015-ci ildə “Real”a keçmiş Edeqor gənc yaşına rəğmən gələcək vəd edib. Martin 6 il (2015-ci ildən 2021-ci ilə qədər) Madrid klubunun sistemində olub. “Kral klubu”ndakı güclü rəqabət Edeqoru kirayələrdə dolaşmağa məcbur edib, norveçli futbolçu “Herenven”, “Vitess”, “Real Sosyedad”ın uğurları üçün çalışıb və püxtələşərək sonda “Arsenal”ın hədəfinə düşüb.
Norveçli futbolçu “Arsenal”a 2021-ci ilin yanvarında qoşulub. Əvvəlcə, “topçular” gənc Martini “Real”dan icarəyə götürüblər, sonra isə norveçli yarımmüdafiəçi ilə tamhüquqlu əsasda müqavilə imzalayıblar. Edeqorun “Arsenal”la 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Cari mövsümdə Martin “Arsenal”da 35 oyun keçirib, 5 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.
Edeqor “topçular”ın heyətində ümumilikdə 188 oyun keçirib, 40 qol vurub, 34 məhsuldar ötürmə verib.
Edeqorun qənimətlər muzeyində “Real”la UEFA Super Kuboku (2016/2017), “Real Sosyedad”la İspaniya Kral Kuboku (2019/2020), “Arsenal”la İngiltərə Super Kuboku (2024) var.
Edeqor kapitanı olduğu Norveç yığmasının heyətində 2014-cü ilin avqustunda – 15 yaş 253 günlüyündə debüt edib və müvafiq nəticə ilə Norveç yığmasının rekordçusudur. Martin bu müddətdə yığmada 63 oyun keçirib, 3 qol vurub, 15 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 26 yaşlı norveçli yarımmüdafiəçinin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.


