“Real”ın italyan baş məşqçisi Karlo Ançelotti La Liqanın 12-ci turunda komandasının “Rayo Valyekano” ilə oyununun (0:0) nəticəsini şərh edib.
Arena.az “Madrid Zone” dərgisinə istinadən Ançelottinin müvafiq xüsusda fikirlərini təqdim edir:
“Vinisius, Rodriqo, Valverde və Xoselu qol vurmağa çalışsalar da, bacarmadılar. “Rayo Valyekano”dansa “Barselona”nı məğlub etməyi üstün tuturam. Xal itirmək üçün bir oyun seçməli olsaydıq, bu gün olardı. Bəzən layiq olmadığın zaman qalib gəlirsən, bəzən də qazanmağa layiq olduğun zaman uduzursan. Fasilədə komandaya nə dedim? Sağ cinahdan daha çox istifadə edin. Dediyim yeganə şey bu idi”, deyə Ancelotti bildirib.
Heç-heçə “Real”a La Liqanın turnir cədvəlində liderliyini ititməsi bahasına başa gəlib. 12 turdan sonra “kral klubu” 29 xalla 2-ci pilləyə düşüb. Bu arada Kataloniya təmsilçisi “Jirona” 31 xalla La Liqanın liderliyini ələ keçirib. “Rayo Valyekano” isə 18 xalla 9-cu pillədədir.


