Andi Diuf 15 milyon avroya Liqa 1 klubunda!

İsveçrənin “Bazel” klubunun gənc mərkəz yarımmüdafiəçisi Andi Diuf Fransanın “Lans” klubuna transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Lans” 20 yaşlı futbolçunun keçidi üçün 15 milyon avro ödəməyə razılaşıb. Yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Andi Diuf “Bazel”ə Fransanın “Renn” klubundan 5,5 milyon avro qarşılığında keçmişdi. Fransız yarımmüdafiəçi yetirməsi olduğu “Renn”də cəmi 7 oyun keçiribsə, “Bazel”də 57 oyuna 3 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Diuf Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. O, bu ildən U-21-ə dəvət alır.

“Paris”in sağ cinah müdafiəçisi Morqan Gilavoqi də “Lans”a transfer olunub. Liqa 1 təmsilçisi bu keçidə görə 4 milyon avro ödəyib. Qvineyadan olan 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Daha öncə “Tulon”da da oynamış yarımmüdafiəçi 2020-ci ildən formasını geyindiyi “Paris”də 87 oyuna 32 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.

“Lans”ın heyətinə qatdığı daha bir futbolçu “Nansi”dən 660 min avroya transfer etdiyi Nil El-Aynauidir. 22 yaşlı Mərakeşli futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Nansi”nin yetirməsi olan futbolçu bu klubun əsas komandasında 61 oyunda 6 qol və 3 assistlə yadda qalıb.

“Lans” “Tuluza”nın yarımmüdafiəçisi Steyn Spirinqsi də transfer edib. Azad agent kimi heyətə cəlb olunmuş 27 yaşlı futbolçu ilə 4 illik sözləşmə imzalanıb. Spirinqs “Tuluza”ya Sofiya “Levski”sindən, 2020-ci ilin oktyabr ayında gəlmişdi. 27 yaşlı yarımmüdafiəçi bu komandada 111 oyunda meydana çıxıb, 15 qol və 13 asist müəllifi olub. O, “Sparta” (Rotterdam), “Valveyk”, “Alkmaar” kimi komandalarda da oynayıb.

“Lans” qanalı yarımmüdafiəçisi Salis Abdul Samedlə də yeni müqavilə imzalandığını açıqlayıb. 23 yaşlı dayaq yarımmüdafiəçisi ilə yeni sözləşmə 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Ötən yay “Klermon”dan transfer olnuan futbolçu bu komandada 37 oyuna 1 qol və 1 assistlə yadda qalıb. O, Qana yığmasında da 7 oyun keçirib.

“Lans” üç futbolçu ilə vidalaşdı, birini icarəyə verdi

“Lans” gənc hücumçusu Remi Labonu isə “Laval”a icarəyə verib. 20 yaşlı forvard qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Klubun öz yetirməsi olan Labo əsas komandada 12 oyun keçirsə də, fərqlənə bilməyib.

İsmael Bura “Lans”dan ayrılaraq “Trua”ya keçib. 22 yaşlı sol cinah müdafiəçisi “Lans”ın əsas komandasında 37 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Havr”da da oynayıb.

“Lans” daha iki futbolçusu ilə yollarını ayırdığını açıqlayıb. Mərkəz müdafiəçisi Stiven Fortes və dayaq yarımmüdafiəçisi Yannik Kauzak müqavilə müddəti bitdiyi üçün komandanı tərk ediblər.

31 yaşlı Fortes 2019-cu ildən formasını geyindiyi “Lans”da 57 oyun keçirib, 1 assistlə yadda qalıb. Kauzak da 2019-cu ildən bu klubun uğurları üçün çalışırdı. 38 yaşlı yarımmüdafiəçi “Lans”da 73 oyuna 1 qol və 11 assist müəllifi olub.