İngiltərənin “Mançester Yunayted” klubu yarımmüdafiəçisi Andreas Pereyra ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu Premyer Liqanın digər təmsilçisi “Fulhem” klubuna keçib.
Bu barədə “Fulhem”in rəsmi saytı məlumat yayıb. Bu transferə görə “Mançester Yunayted”ə ödənilən təzminatın məbləği açıqlanmayıb. Braziliyalı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb.
Andreas Pereyra 2011-ci ildə, 16 yaşı olarkən “Mançester Yunayted”ə qoşulsa da, 2014-cü ildən əsas komandada oynamaq şansı qazanıb. Lakin o, əsas heyətdə möhkəmlənə bilmədiyi üçün “Qranada”, “Valensiya” və “Latsio” kimi klublara icarəyə verilib. O, ötən ilin avqustunda da Braziliyanın “Flamenqo” klubuna icarəyə verilmişdi. Yarımmüdafiəçi “Mançester Yunayted”də cəmi 75 oyuna çıxıb və 4 qol vurub. Belçikada dünyaya gələn, bu ölkənin U-15, U-16, U-17, U-20 və U-23 komandalarında oynamış Pereyra, 2018-ci ildə Braziliyanın əsas millisini seçib. O, bu komandada cəmi 1 matça çıxıb.


