Madrid “Atletiko”sunun 34 yaşlı fransalı mərkəz hücumçusu Antuan Qrizmann “döşəkçilər”lə müqaviləsinin müddətini uzadıb.
Arena.az bu barədə İspaniya klubunun rəsmi sayıtna istinadən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
“Real Sosyedad” futbol akademiyasının məzunu olan Antuan Qrizmann “Atletiko”ya 2014-cü ilin iyul ayında elə, San-Sebastyan klubundan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. 2023-cü ilin iyul ayında isə Antuan 20 milyon avro məbləğ müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib.
Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində 53 oyuna 16 qol, 9 məhsuldar ötürmə ilə fərqlənib.
Qrizmanın “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 442 oyun, 197 qol, 93 məhsuldar ötürmə.
Vurğulayaq ki, Qrizmann “Atletiko” tarixinin ən sərrast futbolçusudur.
Qrizmann “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.
Antuann Qrizmann 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 137 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub.
Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 34 yaşlı fransalı hücumçunun transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.


