Anxelinyo “Roma”nı bu dəfə “Deportivo”ya dəyişdi

İtaliyanın “Roma” klubunun ispaniyalı sol cinah müdafiəçisi Anxelinyo bundan sonra “Deportivo”nun uğurları üçün çalışacaq.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

“Deportivo” müdafiəçini “Roma”dan icarəyə götürüb. 29 yaşlı futbolçu ilə icarə sözləşməsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Müqaviləyə ispan oyunçunu satın almaq hüququ da daxil edilib.

Xatırladaq ki, Anxelinyo “Deportivo La-Korunya” və “Mançester Siti”nin futbol akademiyalarında yetişib. İspan futbolçu karyerası ərzində “Nyu-York Siti”, “Jirona”, “Malyorka”, “Breda”, PSV, “Leypsiq”, “Hoffenhaym” və “Qalatasaray”da çıxış edib.

2024-cü ilin yanvarında “Roma” Anxelinyonu “Leypsiq”dən mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə götürmüşdü. Mövsüm başa çatdıqdan sonra İtaliya klubunun rəhbərliyi futbolçunun transfer hüquqlarını da almağa qərar verib. Bu müqavilə “Roma”ya 5,2 milyon avroya başa gəlib.

Anxelinyonun “Roma” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. O, İtaliya təmsilçisinin heyətində keçirdiyi 80 matçda 4 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub.

Anxelinyo İspaniyanın U-17 və U-21 yığmalarında çıxış edib, əsas yığmada isə debüt şansı qazanmayıb.

Anxelinyonun qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı İngiltərə Liqa Kuboku (2 dəfə) və İngiltərə Super Kuboku, həmçinin “Leypsiq”lə qazandığı Almaniya Kuboku var.

“Transfermarkt” internet-portalı ispan müdafiəçinin transfer dəyərini 4,5 milyon avro mələğində qiymətləndirir.

Sonda onu da bildirək ki, “Deportivo” ötən mövsüm İspaniya Sequndasında ikinci pilləni tutaraq La Liqaya qayıdıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: