Aquero: “Haland məni qol sayında keçə bilər”

“Mançester Siti”nin sabiq hücumçusu Serxio Aquero norveçli hücumçu Erlinq Halandın onu bombardirlik yarışında üstələyəcəyinə inanır.

Arena.az xatırladır ki, Aquero vaxtilə vurduğu 260 qolla “Mançester Siti”nin tarixən ən sərrast qolçusudur.

Amma argentinalı keçmiş hücumçu Erlinq Halandın onu keçəcəyini düşünür:

“Ümidvaram ki, bəli! Mən düşünürəm ki, Haland mənim qol göstəricimə yaxınlaşa bilər və məni hətta vurub ötə də bilər”, deyə Aquero vurğulayıb.

Xatırladaq ki, Haland “şəhərlilər” üçün indiyə qədər 119 qol vurub.

Yeri gəlmişkən, “Mançester Siti”nin 24 yaşlı norveçli mərkəz hücumçusu Erlinq Haland “şəhərlilər”in cari mövsümdəki fəsadları ilə bağlı sualı cavablayıb:

“Bəraət axtarmağın mənası yoxdur. Biz fəaliyyət göstərməliyik”, deyə Haland vurğulayıb.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib.

Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 29 qol vurub, 4 məhsuldar ötürmə verib.

Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 137 oyun, 119 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. Haland yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.

Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 41 oyuna 40 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu, Halandın dünyanın ən bahalı iki futbolçusundan biri olduğu deməkdir (digəri “Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Juniordur).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: