“Araz-Naxçıvan”ın məğlubiyyətsiz oyunlar seriyası qırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Arena.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Elmar Baxşıyevin yetirmələri Azərbaycan Premyer Liqasının 17-ci turunun “Sabah”la ev matçında 0:1 hesabı ilə uduzublar.

Naxçıvan təmsilçisi sonuncu dəfə avqustun 2-də “Qarabağ”a 1:4 hesabı ilə məğlub olmuşdu. 134 gündən sonra uduzan komanda bu müddətdə keçirdiyi 15 qarşılaşmada 12 qələbə qazanıb və 3 heç-heçə edib.

Klub tarixinin rekorduna imza atan “Araz-Naxçıvan” ölkə çempionatları tarixində ardıcıl ən azı 15 oyunda uduzmayan 13-cü komanda olub. Bu, 37-ci belə seriyadır.

Xatırladaq ki, Naxçıvan təmsilçisi hazırda 39 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: