2025/2026-cı illər mövsümü bitən kimi “Şamaxı”dan ayrılmış müdafiəçi Arsen Ağcabəyov bundan sonra “Şəfa”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, növbəti mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” növbəti transferini reallaşdırıb. Bakı klubu müdafiəçi Arsen Ağcabəyovu heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 1 ilik müqavilə imzalanıb.
Arsen Ağcabəyov son olaraq “Şamaxı”da çıxış edib. “Sabah”ın da üzvü olmuş azərbaycanlı futbolçu müxtəlif vaxtlarda icarə əsasında “Səbail”, “İrəvan” və “Sumqayıt”ın formasını geyinib. O, Azərbaycanın U-21 millisində forma geyinsə də, əsas yığmamızda debüt şansı qazanmayıb.
Xatırladaq ki, “Şəfa” daha öncə “Sabah”ın qapıçısı Nicat Mehbalıyevlə “Kəpəz”dən ayrılmış Rauf Hüseynlini də heyətinə qatmışdı.


