“Arsenal” Jorjinyo ilə müqaviləsini yenilədi

“Arsenal” “topçular”ın braziliyaəsilli italiyalı dayaq yarımmüdafiəçisi Jorjinyo ilə razılıq əldə edərək, müqaviləsinin müddətini uzadıb.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Yenilənmiş müqavilənin müddəti və maliyyə təfərrüatı açıqlanmayıb. Amma futbolçunun 2025-ci ilin yayına kimi bu komandada qalacağı müəyyənləşib. Tərəflərin bu anlşamanı daha bir il müddətinə artırmaqla da bağlı indidən razılığa gəldiyi bildirilir.

Jorjinyo müqaviləsini yeniləməsi ilə bağlı fikirlərini ifadə edib:
“Qaldığım üçün çox xoşbəxtəm, çünki bu ailənin bir hissəsi olmaq böyük şərəfdir. Ailəm xoşbəxtdir, çox yaxşı məskunlaşmışıq və hələ qarşıda daha çox şey var!

Düzünü desəm, burada özümü çox yaxşı hiss etdiyim üçün müzakirə ediləcək heç nə yox idi. Sadəcə mənə dəyər verdiklərini və daha uzun müddət qalmamı istədiklərini bilmək mənim üçün çox şey deməkdir. Mənə elə gəlir ki, burada bir işim var, ona görə də qalıram.

Bu, çox şey deməkdir. Bu, müqaviləni imzalamaq üçün başqa bir səbəbdir, çünki mən hiss edirəm ki, onlara daha çox şey verə bilərəm və bunu istəyirəm, çünki onlar mənə çox sevgi və dəstək verdilər. İstədiyim tək şey qarşılığını onlara qaytarmaqdır. Sadəcə, hər vəziyyətdə bacardığım qədər kömək etməyə çalışıram. Hiss edirəm ki, burada hər kəs mənə arxalana bilər. Mən həmişə yanlarında olacağam”.

Jorjinyonun “Arsenal” karyerası rəqəmlərin gözü ilə

Jorjinyo “Verona”nın yetirməsidir. “Dayaqçı” karyerası ərzində “Sambonifatseze”, “Napoli” və “Çelsi”də oynayıb. “Arsenal” Jorjinyonu 2023-cü ilin yanvarında 11,3 milyon avro müqabilində “Çelsi”dən heyətinə qatıb.

Cari mövsümdə Jorjinyo “topçular”ın heyətində bütün yarışlarda 35 oyuna 1 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. İtaliyalı futbolçunun London klubunun heəytində çıxışının ümumi mənzərəsi isə belədir: 52 oyun, 1 qol, 3 məhsuldar ötürmə.

Jorjinyo 2016-cı ilin martında debüt etdiyi İtaliya yığmasının heyətində 52 oyuna 5 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
Jorjinyonun qənimətlər muzeyində “Napoli” ilə qazandığı İtaliya Kuboku və İtaliya Super Kuboku, həmçinin “Çelsi” ilə qazandığı Avropa Liqası, Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klub Dünya Kuboku var. Klub qənimətləri ilə yanaşı, Jorjinyo “skuadra adzurra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının qalibi olub. Elə həmin il Jorjinyo UEFA-ya görə Avropanın ən yaxşı oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 32 yaşlı Jorjinyonun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: