“Arsenal” Qabriel Jezus və Tomas Partini itirdi

“Arsenal” Premyer Liqanın 10-cu turunda “Şeffild Yunayted”ə qarşı oyun ərəfəsində iki futbolçusunun xidmətindən məhrum olub.

Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən məlumat verir.

“Topçular”ın baş məşqçisi Mikel Arteta komandanın braziliyalı mərkəz hücumçusu Qabriel Jezus və qanalı dayaq yarımmüdafiəçsi Tomas Partinin sıradan çıxdığını açıqlayıb. Hər iki futbolçunun oxşar xüsusiyyətli əzələ zədəsindən əziyyət çəkdiyi məlum olub.

Çempionlar Liqasının “Sevilya” ilə oyununda (2:1) qol və məhsuldar ötürmə ilə fərqlənmiş Qabriel Jezus həmin oyunun sonlarında meydanı tərk etmək məcburiyyətində qalıb. Braziliyalı ulduzun oyundan sonra müayinəsi onun əzələ fəsadları olduğunu üzə çıxarıb. İlkin təxminlərə görə, Jezus bir neçə həftəliyə sıradan çıxıb. Jezusun son vaxtlar yığmanın düşərgəsində həddən artıq yüklənməsi və sonra klub heyətində mütəmadi çıxışı səbəbindən toplanmış yorğunluq nəticəsində zədə aldığı deyilir.

Tomas Parti də eyni vəziyyətdədir. Partinin bir neçə həftə futbolsuz qalacağı isə yəqindir. Üstəlik qanalı “dayaqçı” qasıq nayihəsindəki fəsadlarının müalicəsi ilə məşğul ikən toplanmış əzələ zədəsi alıb və hələ bu zədənin ciddiliyi də təxmin olaraq qalır. Parti “Sevilya”ya qarşı Çempionlar Liqası oyunu ərəfəsində məşq zamanı zədələnib.

Qabriel Jezus “Arsenal”a 2022-ci ilin iyulunda 52,20 milyon avro qarşılığında “Mançester Siti”dən keçib. “Qabbi”nin “topçular”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə o, komandasının heyətində 11 oyuna 4 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Jezus 2016-cı ilin sentyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 63 oyuna 19 qol vurub, 13 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı Qabriel Jezusu 75 milyon avro məbləğində qiymətləndirir.

Tomas Parti isə “Arsenal”a 2020-ci ilin oktyabrında Madrid “Atketiko”sundan 50 milyon avro qarşılığında keçib. Partinin “topçularlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Parti London klubunun heyətində 5 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Parti 2016-cı ilin iyununda debüt etdiyi Qana yığmasının heyətində 45 oyuna çxıb, 13 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 30 yaşlı Tomas Partini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: