“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın braziliyalı mərkəz hücumçusu Qabriel Jezus haqda söhbət açıb.
Arena.az BBC-yə istinadən məlumat verir ki, ispan mütəxəssis mövsüm öncəsi hazırlıq məqsədilə “Mançester Yunayted”lə yoldaşlıq oyunundan sonra, “topçular”ın braziliyalı hücumçusuna ilham mənbəyi axtarır.
Xatırladaq ki, bu oyunda “Arsenal” 2:1 hesablı əzmkar qələbə qazanıb. Qabriel Jezus isə komandasının bərabərlik qoluna imza atıb.
“İlham onun öz daxilindən, özünə olan tələblərdən və komandanı nə qədər yaxşılaşdıra biləcəyindən qaynaqlanmalıdır. O, bunu “Mançester Yunayted”ə qarşı göstərdi. O, bütün komandanın güc-qüvvəsini və inamını ortaya qoydu və nəticəyə nail oldu.
Əgər o, hansısa xarici amillərin onu ilhama gətirməsini gözləyirsə, bu, çox qısa bir müddətə işə yarayacaq. Əgər daxilində nəsə baş verərsə, bu, daha uzun sürəcək və qalıcı olacaq”, deyə Arteta vurğulayıb.
“Palmeyras”ın yetirməsi olan Qabriel Jezus “Arsenal”a 2022-ci ilin iyulunda 52,2 milyon avro məbləğ müqabilində “Mançester Siti”dən keçib. “Qabbi”nin “topçular”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Jezus “Arsenal”ın heyətində bütün yarışlarda 36 oyuna 8 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib. Jezusun “topçular”ın heyətində çıxışının ümumi mənzərəsi isə 69 oyun, 19 qol və 15 məhsuldar ötürmədən ibarətdir.
Qabriel Jezus 2016-cı ilin sentyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 64 oyuna çıxıb, 19 qol vurub və 13 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı mərkəz hücumçusu Qabriel Jezusun transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.


