“Atalanta”da Canluka Skamakka şoku

Futbol üzrə İtaliya yığma komandasının və “Atalanta” klubunun hücumçusu Canluka Skamakka uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, Berqamo təmsilçisinin 25 yaşlı forvardı “Parma” ilə keçirilən hazırlıq matçında (1:4) zədələnib.

İtaliyalı futbolçunun ön çarpaz bağları qopub. O, 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq.

Canluka Skamakka “Atalanta”ya ötən ilin yayında “Vest Hem”dən keçib. İtalyan forvard A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 19 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Skamakka karyerası ərzində “Sassuolo”, “Askoli”, “Cenoa”, “Vest Hem”, “Kremoneze”, “Zvolle” kimi klublarda da forma geyinib.

Canluka Skamakka 2021-ci ildə debüt etdiyi İtaliya yığmasının heyətində 20 oyun keçirib, 1 qol vurub.

Yeri gəlmişkən, “Atalanta” rusiyalı hücumçusu Aleksey Mirançuku MLS təmsilçisi “Atlanta Yunayted”ə satıb. Amerika Birləşmiş Ştatları klubu bu transfer üçün Berqamo təmsilçisinə 12 milyon avro ödəyib. 28 yaşlı futbolçu yeni klubu ilə müddəti 2027-ci ilin 30 iyununa qədər müqavilə bağlayıb.

Aleksey Mirançuk 2020-ci ilin avqustundan “Atalanta”da forma geyinirdi. O, bu komandada keçirdiyi 98 oyunda 13 qol vurub, 19 assistlə yadda qalıb. Mirançuk bir mövsüm “Torino”da icarədə də olub. Daha öncə yetirməsi olduğu Moskva “Lokomotiv”ində oynamış yarımmüdafiəçi, Rusiya yığmasında da 45 oyuna 7 qola imza atıb, 7 assistlə yadda qalıb.

“Atalanta” qvineyalı hücumçusu Mustafa Sisseni də “Sankt Qallen”ə icarəyə verib. 20 yaşlı forvard qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Berqamo təmsilçisi onu daha öncə “Südtirol” və “Piza”ya da icarəyə vermişdi.

Mustafa Sisse “Atalanta”nın əsas komandasında 4 oyuna çıxıb, 1 qol vurub.