Ataman Güneyligil: “Hər oyun bizim üçün final kimidir”

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligil qarşıdakı Avropa çempionatına hazırlığı dəyərləndirib.

Arena.az xəbər verir ki, Türkiyədən olan 41 yaşlı mütəxəssis Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında qitə birinciliyi öncəsi bunları söyləyib:

“Yoxlama oyunlarında bütün oyunçuları yoxladıq. Bu oyunlarda öz taktikalarımız üzərində çalışdıq. Eyni zamanda rəqiblərimizin son çıxış etdikləri beynəlxalq yarışlardakı oyunlarını analiz etdik, onlar üzərində də çalışdıq. Əsas heyətdə yaxşı fiziki formada olan, taktikaları daha yaxşı yerinə yetirə biləcək oyunçular oynayacaqlar”.

Ataman Güneyligil qarşılarına konkret hədəf qoymadıqlarını vurğulayıb: “Oyundan oyuna düşünəcəyik. Konkret olaraq “bu yerə qədər gedəcəyik” demirik. Hər oyun bizim üçün final kimidir. Hər matçın, hər anın, hər xalın qiymətini bilərək oynamalıyıq. Bu cür davam etsək, yolumuz açıq olacaq”.

Xatırladaq ki, bu gün start veriləcək Avropa çempionatı sentyabrın 3-nə qədər davam edəcək. Qitə birinciliyinə Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək.

Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq. Komandamız ilk oyununu avqustun 18-də Çexiyaya qarşı keçirəcək. Bu oyuna saat 22:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: