Avropa çempionatı: Cəfərovla Qənizadə çempion oldu!

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində böyüklər arasında təşkil olunmuş güləş üzrə Avropa çempionatı başa çatıb. Arena.az xəbər verir ki, yarışın 6-cı günündə son 5 çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulmuşdu. Bu gün həmin çəki dərəcələri üzrə medal qarşılaşmaları baş tutub.

Nihat Məmmədli (60 kq) debütdə bolqarıstanlı Avropa çempionu və dünya ikincisi Edmond Nazaryana 3:7 hesabıyla uduzmuşdu. Rəqib finala yüksəldiyi üçün Məmmədli bu gün təsəlliverici görüşdə macarıstanlı Erik Torbayla mübarizə aparıb və 7:0 hesablı qələbəyə sevinib. Nihat üçüncü yer uğrunda ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb. O, 9:5 hesablı qələbəylə debüt etdiyi Avropa çempionatında bürünc medal qazanıb.

Həsrət Cəfərov (67 kq) 1/8 finalda portuqaliyalı Pedro De Moraisə “tuş”la qalib gəlmişdi. Cəfərov 1/4 finalda norveçli Havard Yorgensen üzərində də inamlı qələbə qazanmışdı – 7:1. Güləşçimiz yarımfinalda türkiyəli Murat Firatı da eyni hesabla üstələyərək adını finala yazdırmışdı. Həsrət bu gün həlledici görüşdə gürcüstanlı Coni Xetsurianiylə qarşılaşıb. İlk hissəni 0:2 hesabıyla geridə başa vuran güləşçimiz ikinci hissədə əzmkar qələbə qazanıb – 3:2. Beləliklə, Həsrət karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu olub.

Ülvü Qənizadə (72 kq) 1/8 finalda ukraynalı Andrey Kulikə 4:1 hesabıyla qalib gəlmişdi. Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu üstələmişdi – 3:1. Həmyerlimiz yarımfinalda türkiyəli Selçuk Canla gərgin mübarizə şəraitində keçən görüşdə sevinən tərəf olmuşdu – 2:1. Ülvü bu gün finalda fransalı İbrahim Qanemlə qarşılaşıb. İlk hissədə rəqibindən aşkar üstün olan Qənizadə fasiləyə 7:0 hesablı üstünlüklə yollansa da, ikinci hissədə hesab bərabərləşib – 7:7. Ancaq xalların keyfiyyətindəki üstünlük Ülvüyə karyerasında böyüklər arasında ilk Avropa çempionluğunu qazandırıb.

Rafiq Hüseynov (82 kq) 1/8 finalda isveçrəli Mark Veberə heç bir şans tanımamışdı – 8:0. 3 qat Avropa çempionu 1/4 finalda ermənistanlı Samvel Qriqoryanla gərgin keçən mübarizədən də qalib ayrılmışdı – 3:2. Hüseynov yarımfinalda türkiyəli Burhan Akbudaka “tuş”la uduzmuşdu. Rafiq bürünc medal uğrunda almaniyalı Roland Şvartsla güləşib və minimal fərqlə (1:2) uduzub.

Beləliklə, aprelin 17-də start götürmüş Avropa çempionatı başa çatıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: