Avropa çempionatı: Daha bir cüdoçumuz “bürünc”lə kifayətləndi

Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər idmançılar arasında keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

Arena.az xəbər verir ki, bu gün Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında medal qazanıb.

Qitə birinciliyinin ikinci günündə mübarizəyə qoşulan 7 nəfərdən 1-i bürünc mükafata yiyələnib. Bu, Məhərrəm İmamverdiyev (81 kq) olub. O, yarımfinalda məğlub olmasına baxmayaraq, üçüncü yer uğrunda görüşdə rəqibini üstələyib.

Südabə Ağayeva (70 kq), Nərmin Əmirli (78 kq), Nigar Süleymanova (+78 kq), İsmayıl Zamanov (90 kq), Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibov (+100 kq) isə uğursuzluqla üzləşiblər.

Xatırladaq ki, ilk gündə Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Aydan Vəliyeva (52 kq) da bürünc medal qazanmışdılar.

Qeyd edək ki, Azərbaycan yığması bu yarışda qızlar və oğlanlar arasında 14 çəki dərəcəsində 16 cüdoçu ilə təmsil olunur. Avropa çempionatında cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç, böyüklərdən ibarət millinin məşqçisi Rüstəm Alimli rəhbərlik edirlər. Xanım cüdoçularımız isə qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədovun rəhbərliyi altında çıxış edirlər.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova ədalət təmsilçiləri arasında yer alır.

Avropa çempionatı bu gün baş tutacaq komanda yarışları ilə yekunlaşacaq. İlk iki gündə baş tutan fərdi mübarizə artıq bu gün başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: