Bu gün Estoniyanın paytaxtı Tallin şəhərində gənclər arasında təşkil olunmuş cüdo üzrə Avropa çempionatı start götürüb.
Arena.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 6 cüdoçusu tatamiyə çıxıb.
Oğlanların yarışında 1, qızlarda isə 5 təmsilçimiz qalib adı uğrunda mübarizə aparıb.
Oğlanların yarışındakı yeganə təmsilçimiz Nizami İmranov (60 kq) 1/8 final finaldan mübarizəyə başlayıb. O Françesko Sampinonu (İtaliya) məğlub edərək növbəti mərhələyə yüksəlib. Nizami 1/4 finalda serbiyalı Marko Yorgiçdən də üstün olub. Yarımfinalda fransalı rəqibi Zahariye Dijola da qalib gələn İmranov həlledici qarşılaşmada Nazar Viskova (Ukrayna) uduzaraq gümüş medalla kifayətlənib.
Qızların yarışında Könül Əliyeva (48 kq) 1/8 finalda türkiyəli Begumnaz Doğruyoldan üstün olub. 1/4 finalda rumıniyalı Laura Boqdanı da məğlub edən Könül yarımfinala yüksəlib. O, burda fransalı Morqan Annisdən güclü olub. Əliyeva qızıl medal uğrunda görüşdə Zilan Ertemə (Türkiyə) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
48 kq çəkidəki digər təmsilçimiz Fəridə Mirzayeva ilk mərhələdə Vodianna Melaniiadan (Ukrayna) üstün olsa da, 1/8 finalda Sammer Şovlaya (Böyük Britaniya) uduzub.
Xədicə Qədəşova (52 kq) 1/16 finalda fransalı Alissi Pulanjini, 1/8 finalda isə almaniyalı Lena Dyeriunu üstələyib. Cüdoçumuz 1/4 finalda Mikaela Skiakovelliyə (İtaliya) uduzub. Qədəşova bürünc medal uğrunda təsəlliverici görüşdə Luka Mamirayaya (Macarıstan) uduzaraq yarışı medalsız başa vurub.
57 kq-da yarışan Fidan Qasımova ilk mərhələdə Anne Şaşlaya (Macarıstan) uduzub.
Bu çəkidəki digər təmsilçimiz Fidan Əlizadə ilk görüşdə lixteynşteynli Lei Vissadan üstün olub. O, 1/8 finalda sloveniyalı Yevgeniya Qaiçi də məğlub edib. Növbəti mərhələdə britaniyalı Kloe Linkdən də güclü olan Fidan yarımfinala yüksəlib. Bu mərhələdə Əlizadə Vanessa Toleaya (Rumıniya) heç bir şans verməyib. Cüdoçumuz finalda gürcüstanlı Nino Loladzeni məğlub edərək qızıl medal qazanıb.
Beləliklə, ilk yarış günündən sonra Azərbaycan həm qızların sıralamasında, həm də ümumi komanda hesabında 39 ölkə arasında birinci yerdə qərarlaşıb.
Qeyd edək ki, cüdo millimiz Avropa çempionatına 16 idmançı ilə qatılıb.