Bu gün Niderlandın Haaqa şəhərində gənclər arasında təşkil olunmuş cüdo üzrə Avropa çempionatı start götürüb.
Arena.az xəbər verir ki, qitə birinciliyində Azərbaycan cüdoçuları da qüvvələrini sınayırlar.
Yarışın ilk günündə Azərbaycan yığmasının 7 üzvü medallar uğrunda mübarizə aparıb. Oğlanlar arasında -60 kq çəkidə Nizami İmranov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Nizami həlledici görüşdə İsrail təmsilçisi Yehonatan Vekslerə “waza-ari” xalı ilə qalib gələrək qızıl medal qazanıb.
-66 kq çəkidə Aydın Rzayev final görüşündə gürcüstanlı cüdoçu Tenqo Zirakaşvili ilə qarşılaşıb. Yalnəz həlledici görüşdə məğlub olan Aydın Avropa çempionatının gümüş medalına sahib olub.
Qızlar arasında isə -52 kq çəkidə Aydan Vəliyeva üçüncü yer uğrunda görüşdə İtaliya təmsilçisi Mikaela Şakovelli ilə qarşılaşıb. Aydan əzmkar mübarizə apararaq “golden score”-un 3-cü dəqiqəsində “ippon” ilə rəqibinə qalib gələrək bürünc medal əldə edib.
Beləliklə, cüdoçularımız Avropa çempionatının ilk gününü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.
Xatırladaq ki, Avropa çempionatı sentyabrın 10-na qədər davam edəcək. İdmançılar 7-9 sentyabr aralığında çempionatın fərdi yarışlarında, 10 sentyabrda isə komanda yarışlarında iştirak edəcəklər. Azərbaycan yarışda 11 çəki dərəsində 9 oğlan və 6 qız cüdoçu ilə təmsil olunur. Yarışda ACF-in A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Yığma komandalarımız Avropa çempionatına bu heyətlə qatılıblar:
Qızlar
-48 kq
Könül Əliyeva
Vüsalə Hacıyeva
-52 kq
Aydan Vəliyeva
-57 kq
Fidan Əlizadə
-78 kq
Nərmin Əmirli
+78 kq
Nigar Süleymanova
Oğlanlar
-60 kq
Nizami İmranov
-66 kq
Nicat Nağıyev
Aydın Rzayev
-73 kq
Süleyman Əliyev
Vüsal Qələndərzadə
-81 kq
Ömər Rəcəbli
-90 kq
Vüqar Talıbov
İsmayıl Zamanov
+100 kq
Kənan Nəsibov


