Bu gün Portuqaliyanın Odivelas şəhərində yeniyetmə oğlanlar və qızlar arasında cüdo üzrə Avropa çempionatı start götürüb.
Arena.az xəbər verir ki, 22-25 iyun aralığında keçiriləcək yarışda Azərbaycan 13 çəki dərəsində 10 oğlan və 7 qız cüdoçu ilə təmsil olunur.
Avropa çempionatının ilk günündə 6 çəki dərəcəsində 8 cüdoçumuz tatamiyə çıxıb. Oğlanlar arasında Məhəmməd Məmişov, Əhməd Rüstəmov (hər ikisi -50 kq), Mirxaliq İskəndərov, Fərid Qarayev (hər ikisi -55 kq) və Məhəmməd Musayev (-60 kq) güclərini sınayıblar. Qızlar arasında isə Nigar Məmişova (-40 kq), Aytac Yolçuzadə (-44 kq) və Vüsalə Hacıyeva (-48 kq) tatamiyə çıxıblar.
Avropa çempionatı komandamız üçün uğurlu başlayıb. Belə ki, ilk gündə Azərbaycan cüdoçuları 4 qızıl və 1 bürünc medal əldə ediblər.
Məhəmməd Məmişov, Mirxaliq İskəndərov və Məhəmməd Musayev, həmçinin Vüsalə Hacıyeva bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əhməd Rüstəmov isə çempionatın bürünc medalını qazanıb. Nigar Məmişova da 7-ci yerlə kifayətlənib.
Xatırladaq ki, Avropa çempionatında cüdoçularımıza yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək.
İdmançılarımız iyunun 24-nə qədər çempionatın fərdi yarışlarında qüvvələrini sınayacaqlar. 25 iyunda isə komanda yarışları baş tutacaq. Xanəhməd Şərifov, Əli Qazıməmmədov və Eldar Əliyev komanda yarışında mübarizəyə qoşulacaqlar.
Azərbaycan millisi Avropa çempionatına bu heyətlə yollanıb:
Qızlar
-40 kq
Nigar Məmişova
-44 kq
Aytac Yolçuzadə
-48 kq
Vüsalə Hacıyeva
-52 kq
Xədicə Qədəşova
Aytən Verdiyeva
-57 kq
Fidan Qasımova
-63 kq
Kamilla Toholiyeva
Oğlanlar
-50 kq
Məhəmməd Məmişov
Əhməd Rüstəmov
-55 kq
Mirxaliq İskəndərov
Fərid Qarayev
-60 kq
Məhəmməd Musayev
-66 kq
Əbil Yusubov
Mehdi Cəfərov
-73 kq
Süleyman Şükürov
-81 kq
Aslan Kotsoyev
+90 kq
Ramazan Əhmədov


