Avropa çempionatı: Vüqar Talıbov Haaqada ikinci oldu

Niderlandın Haaqa şəhərində gənclər arasında təşkil olunmuş cüdo üzrə Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, qitə birinciliyində Azərbaycan cüdoçuları da qüvvələrini sınayırlar.

Yarışın üçüncü günündə Azərbaycan yığmasının daha 5 üzvü medallar uğrunda mübarizə aparıb.

Onlardan yalnız biri günü medalla başa vurub. 90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbov gümüş medal qazanıb. Cüdoçumuz həlledici görüşdə yerli idmançı Lars van Ostruma uduzub. Bu, komandamızın Avropa çempionatında qazandığı 6-cı medal olub.

Bu gün qüvvəsini sınayan digər cüdoçularımızın – İsmayıl Zamanov (90 kq), Kənan Nəsibov (+100 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanovanın (+78 kq) çıxışı isə uğursuz alınıb.

Xatırladaq ki, cüdoçularımız Avropa çempionatının ilk iki gününü 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurmuşdular. Nizami İmranov (60 kq) Avropa çempionu olmuşdusa, Aydın Rzayev (66 kq) gümüş, Aydan Vəliyeva (52 kq), Vüsal Qələndərzadə (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc mükafata yiyələnmişdilər.

Bununla da Avropa çempionatının fərdi yarışlarına yekun vurulub. Yığmamızın üzvləri fərdi mübarizəni bütövlükdə 6 medalla (1 qızıl, 2 gümüş və 3 bürünc) başa vurublar.

Avropa çempionatı sentyabrın 10-da başa çatacaq. Son gündə komanda yarışları baş tutacaq.

Azərbaycan bu yarışda 11 çəki dərəsində 9 oğlan və 6 qız cüdoçu ilə təmsil olunub. Yarışda ACF-in A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alıb.

Yığma komandalarımız Avropa çempionatına bu heyətlə qatılıblar:

Qızlar

-48 kq
Könül Əliyeva
Vüsalə Hacıyeva

-52 kq
Aydan Vəliyeva

-57 kq
Fidan Əlizadə

-78 kq
Nərmin Əmirli

+78 kq
Nigar Süleymanova

Oğlanlar

-60 kq
Nizami İmranov

-66 kq
Nicat Nağıyev
Aydın Rzayev

-73 kq
Süleyman Əliyev
Vüsal Qələndərzadə

-81 kq
Ömər Rəcəbli

-90 kq
Vüqar Talıbov
İsmayıl Zamanov

+100 kq
Kənan Nəsibov