Avropa Liqasında pley-offun iştirakçıları və püşk vaxtı bəlli oldu

Futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin başa çatması ilə pley-offa bütün vəsiqələrin sahibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, onların arasında Azərbaycan çempionu “Qarabağ” da var.

Yer aldığı H qrupunda ikinci olan Ağdam təmsilçisi tarixində ilk dəfə Avroliqanın pley-offunda oynamaq imkanı əldə edib.

Qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində birbaşa 1/8 finala vəsiqə qazanmış qrup birinciləri bunlardır:

Qrup qalibləri
Vest Hem (İngiltərə)
Brayton (İngiltərə)
Reyncers (Şotlandiya)
Atalanta (İtaliya)
Liverpul (İngiltərə)
Vilyarreal (İspaniya)
Slaviya (Praqa, Çexiya)
Bayer (Almaniya)

Qrup ikinciləri
Frayburq (Almaniya)
Olimpik (Marsel, Fransa)
Sparta (Praqa, Çexiya)
Sportinq (Portuqaliya)
Tuluza (Fransa)
Renn (Fransa)
Roma (İtaliya)
Qarabağ (Azərbaycan)

UEFA Çempionlar Liqasının qrup mərhələsini 3-cü pillədə başa vurmuş komandalar da mübarizəni Avropa Liqasında davam etdirəcəklər. Həmin kollektivləri Avroliqanın qrup ikinciləri ilə pley-off oyunları gözləyir. Qalib gələn komandalar Avroliqanın 1/8 finalında oynamaq fürsəti əldə edəcəklər:

Çempionlar Liqasından gələn komandalar:

Qalatasaray (Türkiyə)
Lans (Fransa)
Braqa (Portuqaliya)
Benfika (Portuqaliya)
Feyenoord (Niderland)
Milan (İtaliya)
Yanq Boyz (İsveçrə)
Şaxtyor (Donetsk, Ukrayna)

Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi dekabrın 18-də İsveçrənin Nyon şəhərində təşkil olunacaq. UEFA-nın mənzil qərargahında baş tutacaq püşkatma mərasiminə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

Avropa Liqasında pley-off mərhələsinin oyunları 2024-cü ilin fevral ayında baş tutacaq. İlk oyunlar fevralın 15-də, cavab qarşılaşmaları isə ayın 22-də baş tutacaq. Avroliqanın 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri həmin ayın 14-də keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: