Azərbaycan idmançısı Ayan Allahverdiyeva İtaliyanın Montesilvano şəhərində keçirilən şahmat üzrə dünya çempionatında qızıl medal qazanıb.
Arena.az xəbər verir ki, o, 18 yaşadək şahmatçılar arasında qüvvəsini sınayıb.
Ayan Allahverdiyeva 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb. ABŞ təmsilçisi Vu Roşelle 9 xalla ikinci yeri tutub. Bürünc medal isə Ukraynanı təmsil edən Yelizaveta Qrebenşikovaya (8,5 xal) qismət olub.
Azərbaycanın digər təmsilçisi Səmra Qasımov isə bu dünya çempionatında 6,5 xalla 20-ci yeri tutub.
16 yaşadək qızlar arasında yarışda Azərbaycan təmsilçilərindən Nurtən Nuriyeva 6,5 xalla 29-cu, Selcan İsmayıl isə 4,5 xalla 75-ci olub.
14 yaşadək qızlar arasında yeganə təmsilçimiz olan Lalə Hüseynova dünya çempionatında 6,5 xalla 29-cu olub.
18 yaşadək oğlanlar arasındakı yarışda ən yaxşı göstəriciyə Şiroğlan Talıbov imza atıb. Azərbaycan şahmatçısı 6 xalla 53-cü sırada qərarlaşıb. Aqil İsrailov isə eynu xalla 58-ci yeri tutub.
16 yaşadək oğlanlar arasındakı yeganə təmsilçilərimiz Hüseyn Seyid 6 xalla 60-cı olub.
14 yaşadək oğlanlar arasındakı yarışda Azərbaycanı iki şahmatçı təmsil edib. Rüstəm Rüstəmov 7,5 xal toplayaraq 16-cı olub. Tunar Davudov isə 7,5 xalla 19-cu yeri tutub.
Xatırladaq ki, 14, 16 və 18 yaşlı qız və oğlanlar arasında təşkil olunmuş bu dünya birinciliyinə noyabrın 13-də start verilmişdi. Montesilvano şəhərində təşkil olunmuş mötəbər yarışda 94 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparıb. Azərbaycan şahmatçılarından ibarət komandaya məşqçi Fərid Abbasov rəhbərlik edir.


