Aynur İmanova: “Səfər oyunlarında belə atmosfer olmayacaq”

“Azərreyl”in kapitanı Aynur İmanova Çelenc Kubokunun 1/32 finalında Ukraynanın “Balta” komandasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi oktyabrın 17-də və 18-də ardıcıl iki oyun keçirdiyi Ukrayna klubuna hər iki görüşdə eyni hesabla (3:0) qalib gəlib.

Ötən gün baş tutan cavab qarşılaşmasından sonra Aynur İmanova klubun mətbuat xidmətinə açıqlamasında komandasının qələbəsi ilə bağlı bunları söyləyib:

“Hər iki qələbə münasibətilə komandamı təbrik edirəm. Bundan sonra bizi daha çətin oyunlar gözləyir. Həmin matçlara yaxşı hazırlaşmaq, uğurlu nəticələri davam etdirmək üçün əlimizdən gələni edəcəyik. İki gündür azarkeşlərdən aldığımız dəstək bizi qürurlandırdı. Onları görəndə daha yaxşı oyun ortaya qoyuruq. Düzdür, səfər görüşlərində belə atmosfer olmayacaq. Ancaq yenə də bütün gücümüzlə mübarizə aparacağıq”.

“Azərreyl”in digər üzvü Dəmir Fatma İklimya da oyunla bağlı fikirlərini bölüşüb. 19 yaşlı hücumçu klubun mətbuat xidmətinə açıqlamasında kollektivdə uyğunlaşma prosesinin başa çatdığını bildirib:

“Ardıcıl iki gün 3:0 hesablı qələbə qazandıq. Komandamla fəxr edirəm. Bir-birimizi çox yaxşı başa düşürük. Bu yolda çempionluğa qədər gedəcəyimizə əminəm”.

Xatırladaq ki, “Azərreyl” Çelenc Kubokunun 1/16 finalında İspaniyanın “Avarka de Menorka” klubu ilə qarşılaşacaq. Bu rəqiblə oyunlar noyabr ayında təşkil olunacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: