Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayşən Abduləzimova yeni mövsümdə ilk kubok sevincini yaşayıb.
Arena.az xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu Macarıstanın “Vaşaş” klubu yeni mövsümə hazırlıq çərçivəsində beynəlxalq yarışın qalibi olub.
Voleybolçumuzun komandası Polşada keçirilən “Amica Cup 2023” hazırlıq turnirində bütün rəqiblərindən güclü olub. “Vaşaş” Polşanın “Volley Vrotslav” klubunu 3:1, Almaniyanın “Drezdner” klubunu 3:2 və Çexiyanın “Dukla Liberets” komandasını 3:2 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.
Qeyd edək ki, oktyabrın 1-də baş tutmuş son oyunda Ayşənə istirahət verilmişdi. Lakin komandası 0:2 hesabı ilə geri düşdüyündən məşqçi oyunçu əvəzləməsi edib və kapitanımızı oyuna salıb. Eyni zamanda “Vaşaş”ın kapitanı olan Abduləzimovanın böyük səyləri ilə Macarıstan təmsilçisi möhtəşəm geri dönüş edə bilib və yekunda meydandan 3:2 hesablı qələbə ilə ayrılıb.
Ayşən Abduləzimova oynadığı 3 set ərzində 8 xal qazanıb.
Macarıstanda çıxış edən millimizin daha bir üzvü Marqarita Stepanenko da mövsümdə ilk kubokunu qazanıb. “Svitelski-Bekescsaba” klubunda çıxış edən millimizin üzvü “Mienk A Boraqua Kupa” adlı hazırlıq turnirinin qalibi olub. Hər il yerli çempionatdan əvvəl sözügedən klub tərəfindən təşkil olunan yarışın finalında Stepanenkonun komandası “Fatum-Nyiredhaza” ilə qarşılaşıb. Maraqlı və gərgin keçən matçda ev sahibləri 3:1 hesabı ilə qalib gəliblər. Möhtəşəm oyunu ilə yadda qalan voleybolçumuz final matçında 24 xal qazanıb.
Yeri gəlmişkən, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Yelizaveta Ruban da Rumıniya Super Kubokunun ikincisi olub. Rubanın şərəfini qoruduğu “CSM Luqoy” klubu “Alba Blay” ilə qarşılaşmadan 1:3 hesabı ilə məğlub ayrılıb və Super Kubokun gümüş medallarını qazanıb.


