Ayxan Abbasov: “100 faizlik qol epizodlarını qaçırırıq”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 0:0.

Ayxan Abbasov qolsuz başa çatmış matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çətin səfər idi, yaxşı formada olan komandaya qarşı oynayırdıq. Bilirdik ki, son matçlarda “Sabah” qələbələri sıralayır. Biz də yaxşı hazırlaşmışdıq. Futbolçularımın göstərdiyi performans bizi sevindirdi.Təəssüf ki, qol epizodlarını dəyərləndirə bilmirik. 100 faizlik qol epizodlarını qaçırırıq. Amma bunun üzərində çalışırıq. Oyun planımızdakı epizodlar alındı. Vacib xal qazandıq. Gələcək oyunlara baxacağıq.

Bu mövsüm “Sabah”a uduzmuşduq. Ötən mövsüm maraqlı keçmişdi. “Sabah”ın baş məşqçisi indi fərqli adamdır. Bəlkə “Sabah” bizdən bu sistemi gözləmirdi. Çempionatda bütün komandalar bir-birini yaxşı tanıyır. Biz də hansısa məqamda təəccübləndirmək istədik. Ola bilər ki, alınmasın. Məşqçisənsə, risk etməlisən. Ən sevindiyim odur ki, futbolçular tez qəbul edirlər. “Sabah” da bu mövsüm daha rəngarəng oynayır”.

Ayxan Abbasov Azərbaycan Premyer Liqasının səviyyəsi barədə sualı isə belə cavablandırıb:

“Bizim liqa çətindir. Bunu kənardan mütəxəssislər də deyirlər. Bəzən yaxşı görünməməsinin səbəbi oyun saatı, stadiondakı boş tribunalardır. Bəlkə baxmırsınız, amma biz bir çox liqalara baxırıq. Məsələn, Xorvatiya, Serbiya kimi çempionatlara baxırsan, bəzən oyunda heç iki korner olmur. Əvvəl daha çox meydanda hücum futbolu oynanılırdı. Amma indi vəziyyət dəyişib. Taktiki mübarizə daha ön plana çıxıb. Komandaları başa düşmək olar, nəticəyə oynayırlar. Limitin ləğvindən sonra səviyyənin tez artacağı fikri ilə razılaşmıram. Premyer Liqamız bir çox ölkə çempionatlarından üstündür. Bizdə ən aşağı dəqiqə 35-37 olur. Amma ölkələr var ki, 30 dəqiqə futbol oynanılır. “Qarabağ”la oyunumuz təmiz 60 dəqiqə oynanılmışdı. Çox yüksək temp idi, artırmalıyıq. Amma çempionatın tempi artanda milli də yaxşılaşacaq demək düzgün deyil. Komandada rəqabət olmalıdır. Baxın, Xəyal Əliyev “Sabah”da əsas heyətin üzvüdür. Biz rəqabəti də artırmalıyıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: