Ayxan Abbasov: “Bu matçda müdafiəni yarmaq vacib olacaq”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, sözügedən komandalar sabah Bakıda üz-üzə gələcəklər.

Ayxan Abbasov matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İkinci oyunumuza çıxacağıq. Turnir cədvəlində ilk pillədə olmaq istəyiriksə, qalib gəlməliyik. Rəqibi yaxından tanıyırıq. Lixtenşteyn millisi istəkli komandadır. Onların itirəcəkləri bir şey yoxdur, mübarizə aparırlar. Rəqibin müdafiəsini yarmalıyıq. Bu matçda tələssək, düzgün oyun qurmasaq, çətinlik çəkə bilərik. İnanıram ki, futbolçularımız həm yaxşı oyun göstərəcəklər, həm də qələbə qazanacaqlar.

Litva ilə oyundan sonra xırda zədələr çox oldu. Ümid edirəm ki, bugünkü məşqdə hamısı geri qayıdacaq. Renat Dadaşovu itirmişik. Sabahkı oyunda bizə kömək edə bilməyəcək. Digər oyunçularda da xırda zədələr var. Amma oynamayacaq qədər deyil. Hər kəs oynamaq istəyir. Bu da bizi sevindirir.

Onsuz da biz hər dəfə rəqibə görə oyunu təhlil edirik. Fərqli komandalardır. Litva ilə Lixtenşteyn tam fərqli oyun oynayır. Bilirik ki, bu oyunda müdafiəni yarmaq vacib olacaq. Sonluq yaxşı olmalıdır. Bunu yerinə yetirmək lazımdır. Üç məşqdir bunun üzərində çalışırıq. İnanıram ki, istədiyimiz qolları vuracağıq. Rəqibin ən üstün cəhəti əks-hücumlardır.

Millilər arasında zəif rəqib olmur. Hamı xal qazana bilir. Biz hazırlıq dövründə də qeyd etmişdik ki, Millətlər Liqasında rəqiblərə qarşı çox hücum etməliyik, dominant oynamalıyıq. Bundan əvvəlki oyunlarda bu, az idi. Çünki rəqiblər Fransa və Ukrayna idi.

Millimizə dəstək lazımdır. İnanıram ki, azarkeşlər olacaq. Futbolçular bu stadionda oynamağı xoşlayırlar. Ümid edirəm ki, azarkeşlər gələcəklər”.

“Zamiqlə şəxsi problemim yoxdur”

Ayxan Abbasov Zamiq Əliyevin milliyə dəvət olunmamasından narazılıq etməsinə də münasibət bildirib:

“Futbolçular hamısı müsahibə verir. Onları həmişə haqlı sayıram. Hamısı millidə oynamaq istəyirlər. Amma Zamiq yəqin ki, xəbərsizdir, biz onun bütün oyunlarına baxmışıq. Tur bitən kimi xaricdə çıxış edən futbolçuların oyunlarına baxıram. Zamiqi də izləyirik. Söhbət Zamiqdən açılıbsa, biz necə seçim edirik? Ola bilər ki, məşqçi görüşləri başqadır. Bu gün onun yerində Anton Krivotsyuk, Rəhman Daşdəmirov, Murad Xaçayev var. Biz onlara üstünlük vermişik. Amma bu o demək deyil ki, Zamiqi bəyənmirik. Sabah ona da dəvət gələ bilər. Zamiqlə şəxsi problemim yoxdur”.

“Mütləq qalib gəlməliyik”

Azərbaycan millisinin kapitanı Emin Mahmudov da mətbuat konfransında iştirak edib. 34 yaşlı yarımmüdafiəçi bunları söyləyib:

“Sabah bizim üçün vacib oyun olacaq. Mütləq qalib gəlməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik. Gərginlik yox, məsuliyyət var. Hamı bilir ki, qalib gəlməliyik. Əvvəlki rəqiblərə baxanda, məsələn, Fransa ilə matçda bizdən qələbə yox, yaxşı oyun gözləyirdilər. Burada isə yaxşı oyun yetərli deyil, mütləq qalib gəlməliyik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: